25 oktyabr tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın xarici işlər naziri Melani Joli ilə birgə mətbuat brifinqi zamanı səsləndirilmiş iddiaları qətiyyətlə pisləyirik.
Pravda.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan xarici işlər naziri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur.
Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən və 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan və cəzasızlıqdan sui-istifadə edən bir ölkənin xarici işlər nazirinin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi anti-terror tədbirini “təcavüz” və “etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddia kimi qəbuledilməzdir. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdidir.
Azərbaycanın planlaşdırılan Brüssel görüşünə getməyən tərəf olduğunu iddia edən nazir Mirzoyana xatırlatmaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, ölkəmiz sülh prinsipləri, sülh müqaviləsi, kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub. Bunun əksinə, Ermənistan tərəfi sülh müqaviləsi üzrə danışıqların uğurla nəticələnməsinə imkan verməyib və indi də bir sıra təxribatçı addımları ilə prosesə mane olur.