Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Suraxanı rayonu Əmircan qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.
Bu barədə Pravda.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan və 400-ə qədər Əmircan sakininin iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı şəhərinin və Suraxanı rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri 3 saatdan çox, ayaqüstə zala toplaşanların müraciət və təkliflərini dinləyiblər.
Görüşdə çıxış edən BŞİH rəhbəri Eldar Əzizov bildirib ki, "bu gün biz böyük hadisələrin şahidi olaraq sevincli günlər yaşayır. İki yüz ildən artıq davam edən erməni-müsəlman qarşıdurmasına nəhayət ki, son qoyulub, biz Şanlı Qələbə qazanaraq öz torpaqlarımızı azad etmişik. Bir qədər əvvəl möcüzə hesab etdiyimiz hadisə reallaşıb, Xankəndi şəhərində ölkəmizin dövlət bayrağı ucaldılıb. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır".
Görüş zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördükləri işlər xüsusi vurğulanıb.