Bakıda qab yuyan işləyən "Katya" ləqəbli "ekstrasens" Ekaterina Aleksandrovna keçmiş deputatlığa namizədə qarşı da dələduzluq edib.
Qaynarinfo-nun məlumatına görə, Ekaterina Aleksandrovna keçmiş deputatlığa namizəd Xuraman Qədimovanı (soyad şərti) ekstrasenslik fəaliyyəti ilə məşğul olmasına inandıraraq, şəxsi və ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyini bildirib. Ekaterina Aleksandrovna "şər qüvvələrdən" təmizlənməsi adı ilə Xuraman Qədimovanın 2020-ci ilin yanvar ayında 300 manat dəyərində qab-qacaq, həmin dövr üçün 1190 manat təşkil edən 700 ABŞ dolları, 777 manat, 840 manat, 3400 manat, 1900 manat və digər məbləğlər olmaqla ümumilikdə 8231 manat pulunu ələ keçirib.
Ekaterina Aleksandrovna izahatında bildirib ki, Xuraman Qədimova evinə gəlib, o da şəkilə baxaraq, nə görübsə, onu deyib. Qeyd edib ki, Xuraman Qədimova ona deputat olmaq istədiyini və bunun arzusu olduğunu bildirib: "Bundan əvvəl bir dəfə də namizəd olub, amma seçilməyib. Xuraman xanım dedi ki, "nə etməliyəm yuxarı vəzifəli məmurlar məni görsün?" Mən də dedim ki, bu, alınan iş deyil".