27 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media qurumlarından olan Anadolu Agentliyinə müsahibə verib.
XİN-dən bildirilib ki, Anadolu Agentliyinin Türkiyə Respublikasının 100 illiyi layihəsi çərçivəsində reallaşdırılan müsahibədə nazir Ceyhun Bayramov Türkiyə Respublikasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb, qeyd olunan tarixin yalnız Türkiyə üçün deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyi olduğunu bildirib.
Türkiyənin bu gün müxtəlif istiqamətlərdə bütün dünyaya liderliyini nümayiş etdirən, beynəxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran, ölkə tarixinin bəzi mərhələlərində açıq-aşkar xarici təhdidlərlə üzləşməsinə baxmayaraq bütün bu çətinlikləri qürur duyacaq şəkildə dəf edən bir dövlət olduğunu qeyd edib.
Qardaş Türkiyənin dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdən biri kimi bu gün beynəlxalq miqyasda uğurlu vasitəçilik siyasəti həyata keçirdiyini diqqətə çatdırıb.
Müsahibəsində nazir Ceyhun Bayramov son illərdə sürətlə inkişaf edən Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələri barədə fikirlərini bölüşüb. Türkiyənin ölkəmizin müstəqilliyini ilk tanıyan ölkə olduğunu məmnunluqla xatırladan nazir qardaş ölkə ilə mövcud tarixi, mədəni, milli və dini bağlılıqlardan söz açıb.