Cari ilin oktyabr ayının 27-də Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində Dünya Bankının dövlət sektoru üzrə mütəxəssisi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin Tapşırıq üzrə Qrup Rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Pravda.az xəbər verir ki, görüşdən əvvəl qonaqlar Mərkəzin inzibati binası ilə tanış olub, Mərkəzin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Daha sonra görüşü giriş sözü ilə açan VK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayaraq, VK-da 2017-ci ilin dekabrından etibarən bütün sahələrdə aparılan köklü islahatların innovasiya tətbiqindən də yan keçmədiyini bildirib.
O diqqətə çatdırıb ki, cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək VK tərəfindən vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı və hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində çoxsaylı işlər görülüb.
Sədr müavini VK tərəfindən başladılan "Elektron vəkil orderi" də daxil olmaqla, vəkillik sahəsindəki digər xidmətlərdə innovasiyaların tətbiqinin, ötən ildən etibarən Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində gücləndirilməsindən, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə əlaqəli xidmətlərin elektronlaşdırımasının bütün tərəflər üçün faydalarından, təqdirəlayiq olmasından bəhs edib.