Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən icra edilən "Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi çərçivəsində regionlarda təşkil edilən təlimlər 28-29 oktyabr tarixlərində Zaqatala rayonunda keçirilən təlimlə başa çatıb.
Təlimçi Rafat Şirəliyev iştirakçılara innovasiya və startap nədir, onlar arasında əlaqə necə qurulur, innovativ ideyaların formalaşdırılması, innovasiya fəaliyyətinin strategiyası, digital marketinq və bu kimi digər mövzular üzrə ətraflı məlumat verib. Tapşırıqlar əsasında daha faydalı informasiyanın araşdırılmasını aparan gənclər, yeni ideyaların formalaşdırılması və ideyanın marketinq planının qurulması üzrə qrup işi icra ediblər. İştirakçılar, həmçinin komandalara bölünərək hazırladıqları layihə təkliflərinin təqdimatını keçirib, təqdim edilən layihələrin müzakirəsini aparıblar. Təlimçi tərəfindən mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.