Oktyabrın 7-də İsrail-Fələstin arasında başlanan və bu günə qədər də davam edən müharibənin çoxvektorlu hədəfləri var. Müharibənin başlanmasının səbəbləri və hər iki tərəfin strateji planları barədə soyuqqanlı təhlillər yazmaq mümkündür.
Amma cəmiyyətimizdə hökm sürən "daşlaşmış" və itələyici düşüncə tərzi ciddi materialları həzm etmək iradəsinə malik olmadığına görə, bu müharibənin səbəbləri, strateji hədəfləri, planlar və nəticələri barədə ictimai fikrə fundamental məqalə təqdim etmək sadəcə vaxt itkisi olardı. Bununla yanaşı, İsrail-Fələstin müharibəsinin spesifik təhlili Azərbaycanın daxili, regional və qlobal addımlarının səmərəliliyini artırmaq üçün ciddi material verir.
Məsələn, bir aya yaxındır Yaxın Şərqdə davam edən bu müharibə göstərir ki, İsrailin əsas hədəflərindən biri İran qüvvələrini zəiflətməkdir. İran "Həmas"ı dəstəklədiyini açıq şəkildə bəyan edir və İsrail qüvvələri də "Həmas"ı tamamilə məhv edənə qədər döyüşəcəklərini bildirirlər. İsrail Yaxın Şərqdə İrana bağlı qüvvələrin məhv edilməsinə nail olsa, növbəti mərhələdə İranın Cənubi Qafqazdakı ideoloji, iqtisadi rıçaqlarının zəifləməsinə çalışacaq. Amma nəzərə almaq lazımdır ki, İran ərazi bütövlüyünə görə Yaxın Şərqdə ikinci dövlətdir və sərhəd olduğu bütün ölkələrdə özünə bağlı qüvvələr saxlayır.
Sərhəd olduğu ölkələrin əksəriyyətində - İraqda, Əfqanıstanda, Pakistanda və Azərbaycanda İrana bağlı ciddi qüvvələrin mövcudluğu heç bir şübhə doğurmur. İran Suriyada, Livanda, Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində də özünə bağlı qüvvələr formalaşdıra bilib. Hətta bir neçə gündür Dağıstanda baş verən hadisələrlə bağlı Rusiya ittiham olunsa da, əslində bu proseslərin ssenarisində İranın da barmaq izləri görünür.
Bəs, biz nə düşünürük?
2018-ci ildə Gəncədə baş verən hadisələr (icra başçısının güllələnməsi və s.), 2023-cü ilin yanvar ayından etibarən daha aqressiv mərhələyə qədəm qoyan İran-Azərbaycan münasibətləri fonunda ölkəmizdə təxribatların baş verməsi, daha sonra İrana bağlı olduğu iddia olunan dindarların həbsi və s. son 5 ilin gərgin və mürəkkəb cizgiləridir. İranın Azərbaycana əsasən, 3 cəbhədən (dini-ideoloji, narkotrafik və sosial şəbəkələr) hücum etdiyini əvvəlki məqalələrdə dəfələrlə yazmışam.
"Azsiyasət"in redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, Gəncə şəhəri kontroldan çıxıb və bu gün ölkənin ikinci paytaxtı hesab olunan bu şəhərdə İranyönümlü kifayət qədər şəxslər var və onlar İrana xidmət etdiklərini açıq şəkildə etiraf etməkdən belə çəkinmirlər. Narkomaniyanın, cinayətkarlığın səviyyəsinin pik həddə çatdığı Gəncədə İrana bağlı dindarlar və daha çox kriminallaşmış dindarlar ciddi şəkildə təşəkkül tapıblar. Şəhərdə kriminallaşmış dindarlar kontingenti formalaşıb, onların Rusiya və İranla geniş əlaqələri mövcuddur.