Müğənni Eldəniz Məmmədov dünyaya gəldiyi Füzuli şəhərinə yollanıb. Doğma torpağını ziyarət edən sənətçi Sərdərli kəndində dağılmış evinin qarşısında çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Muğam ifaçısının paylaşımındakı “Füzuli rayon Sərdərli kəndi, doğulduğum ev” sözləri izləyiciləri tərəfindən maraqla qarşılanıb. Oxu.Az-ın əməkdaşı muğam ifaçısı Eldəniz Məmmədov ilə danışıb. Xanəndə səfəri ilə bağlı maraqlı təəssüratlarından söz açıb.
E.Məmmədov Sərdərlinin qonşu kəndə köçürüldüyünü qeyd edib:
“Bizim kəndi başqa kəndə köçürdürlər. Bir qədər bu məsələyə görə, narahatıq. İcazə versələr hamı kimi biz də öz həyətimizdə ev tikərdik. Qonşu kəndə köçürülür. Yəqin ki, belə məsləhətdir.
Bizim kəndin çox böyük tarixi var. Çox böyük alimlər, milli qəhrəmanlar yetişdirib. Təəssüf ki, belə qərar verilib. Kəndimiz öz yerində bərpa edilsəydi, daha uyğun olardı”.