Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik və faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir. Bu hərəkətlər 30 il ərzində cinayətləri xarici havadarları tərəfindən ört-basdır edilən separatçılara açıq dəstək verməklə yanaşı, qondarma “demokratiya” carçılarının həqiqi niyyətlərinin bariz nümunəsidir.
Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentindən olan bir sıra deputatın Ermənistana səfəri ilə bağlı bəyanatında bildirilib.
Bəyanatda, həmçinin deyilir: “Təəssüf ki, öz ənənəvi siyasətlərini davam etdirən Avropa Parlamentinin nümayəndələri hələ 1988-ci ildə Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu zaman “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına göz yumub.
Ümumbəşəri insan haqlarını, qanunun aliliyini və demokratiya dəyərlərini pərdələməyə çalışan fransız deputatlar başda olmaqla, Avropa Parlamentinin nümayəndələri Cənubi Qafqaz bölgəsinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, həmçinin regiona xaos və qeyri-sabitlik gətirməyə çalışırlar.