Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və “Səda TV” “Youtube” kanalının rəhbəri Elnur Şükürovun növbəti məhkəmə iclası keçirilib. Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Baku Steel Company” MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov məhkəmə zalına gətirilib.
O ifadəsində bildirib ki, Elnur Şükürovu tanımır:
“Əvəz Zeynallı məni tanımaya-tanımaya ən çox pislik edən adamdı. Deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan söhbət gedir?
Efirdə olanda deyirdi ki, sübut edəcəm. Elə danışırdı ki, guya mənimlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam”.
Rasim Məmmədovun dediyinə görə, Loğman Zülfüqarlını 3 dəfə görüb:
“Əvəz Zeynallının dedikləri hamısı yalandı. Adını qoyub Rasim Məmmədovu tənqid edirəm. Tənqid başqadır, təhqir başqa. Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.
Hakim şahidin ifadəsinə replikalar atan Əvəz Zeynallıya xəbərdarlıq yazıb.
Daha sonra, Rasim Məmmədov prokurorun suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib.
Prokuror suallarını verdiyi zaman Əvəz Zeynallı məhkəməyə etiraz edib:
“Məni zala qolumda qandalla gətirirsiniz. Amma Rasim Məmmədovu qandalsız. Hansı haqq-ədalətdən danışırsız”.
Məhkəmənin gedişatında Rasim Məmmədov tərəflərin suallarını cavablandırıb.
Əvəz Zeynallı Rasim Məmmədovu birinci dəfədir gördüyünü, onu heç vaxt məhkəməyə vermədiyini deyib.
Rasim Məmmədov bildirib ki, Əvəz Zeynallı ilə birbaşa kontaktda olmayıb.