Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub.
Baş Prokurorluğunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətlərinindən Pravda.az-a verilən məlumata görə, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.