Çin Xalq Respublikasının paytaxtı Pekin şəhər Xalq Siyasi Məşvərət Şurası sədrinin müavini Çjan Çiyaminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Pravda.az-a verilən xəbərə görə, səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində Pekin şəhərinin nümayəndə heyəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirilib.
Görüşdə qonaqları salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onlara Bakının tarixi, şəhərdə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində paytaxtin infrastrukturu keyfiyyəti yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq-quruculuq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov xüsusilə vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxta daim qayğı göstərir və bunun sayəsində şəhərin tarixi irsini qorunmaqla yanaşı, müasir memarlıq da inkişaf edir.