Bakıda rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb, quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
İttiham aktına görə, hadisə bu il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə “Ləhiş bağları” ərazisindəki su quyusuna atıblar. Təqsirləndirilən şəxslər K.Bəkirovu kimisə işə düzəldəcəyi adı ilə aldadıb Maştağa qəsəbəsinə çağırıb və avtomobilə əyləşdiriblər. Daha sonra Namiq Əliyev əvvəlcədən aldığı şampan şüşəsi ilə onun baş nayihəsinə iki zərbə endirib. K. Bəkirov zərbənin təsirindən huşunu itirdikdən sonra onu qətlə yetiriblər. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyitin sinəsinə ağır dəmir parçası bağlayaraq su quyusuna atıblar. Daha sonra onlar 285 min manatı götürərək hadisə yerindən qaçıblar.