Sən demə, Almaniyada da yeri səhv düşənlər olurmuş
Kimsə “köhnə qitə”nin və Avropa İttifaqının mühüm dövlətlərindən hansınınsa beynəlxalq məsələlərdə səlahiyyətli olan nazirlərindən birinin belə səhv edəcəyini söyləsəydi və ya haradasa yazsaydı, qətiyyən inanmazdıq. Xüsusən, son otuz ildə Avropa və Qərb dövlətlərindən dəfələrlə və çoxsaylı hədyanlar eşitmiş Azərbaycan əhalisinə yalan sırımaq cəhdi absurd və gülüncdür. Amma belə bir fakta yenə şahidlik etdik və dərhal da şair Qabilin “Səhv düşəndə yerimiz…” şeirindəki “…korşalırıq biz, səhv düşəndə yerimiz!” – ifadəsi yadımıza düşdü.
Söhbət ondan gedir ki, “qoca qitə”nin Anadolu türkləri demiş, kos-koca dövlətlərindən olan Almaniyanın hələ gənc ikən korşalmış xarici işlər naziri frau Annalena Berbokun bir neçə gün əvvəl – yəni dünyanın son yetmiş ildə yaşadığı ən həssas dövründə, üstəlik, artıq kiminsə aldadılması mümkün olmayan vaxtda, sürətlə inkişaf edən Azərbaycanın paytaxtında ağappaq yalan danışması region mətbuatı tərəfindən ciddi şəkildə qınandı. Qeyd edildi ki, alman nazir özünə hörmət qoymur.
Xanım Berbokun bu yalanı azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirməsi böyük diplomatik səhv idi. Beynəlxalq təcrübəyə və protokol qaydalarına görə, diplomatlar hətta düşmənçilik etdikləri ölkələrdəki həmkarları ilə danışarkən belə, həmsöhbətinə ehtiramla yanaşırlar. Berbok həmin düşüncəsiz addımıyla Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramova qarşı hörmətsizlik etmiş oldu. Halbuki, bundan əvvəl Almaniyanın ölkəmizdən xeyli neft aldığını dilə gətirmişdi: “Biz Ermənistanın tərəfdarı deyilik, daim Azərbaycanın ərazi bütövlüyünü tanımışıq”.
Ermənistanın tərəfdarı deyilsən, təbii sərvətlərinə ehtiyacın olan Azərbaycanınərazi bütövlüyünü tanıyırsan və… Azərbaycan ərazilərinin bəzi yerlərinin adını ermənicə deyirsən. Bu daşlı yollarda sənin atın yeriməz, frau. İndi – bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı vaxtda bizim şəhərlərimizin adını ermənicə səsləndirmək – sadəcə Fransanın quyruğunda getmək deməkdir. O Fransanın ki, öz ərazisində sabitlik yoxdur. Görünür, həm də bu səbəbdən Qafqazda da əmin-amanlıq mühitinin qərarlaşmasına qarşı çıxır. Əlbəttə, bu qarşıçıxmada həlledici rolu Parisin ermənipərəstliyi oynayır.
Onu da unutmayaq ki, Fransanın yaşadığımız coğrafiyada çirkin addımlar atmasının əsas səbəbi Afrikadakı müstəmləkələrinin əlindən çıxmasıdır. Bəs, Almaniyaya nə düşüb? Onun ki müstəmləkəsi yoxdur. Bu səbəbdən ölkənin Avropa İttifaqının üz qarasına çevrilmiş Fransanın quyruğunu buraxaraq, mütərəqqi yol tutmuş dövlətlərin ardınca getməsi daha yaxşı olmazdımı? Təbii ki, kiməsə yol göstərmək fikrimiz yoxdur. Ancaq kimlərinsə yarımçıq təfəkkürlərinin mücərrəd guşələrində bəslədikləri yalanları bizə sırımaq cəhdlərinə münasibətdə susan deyilik. Elə cənab Ceyhun Bayramov da susmadı və keçirdiyi birgə mətbuat konfransında almaniyalı həmkarına diplomatiya dərsi verdi.
Buradan belə nəticə çıxır ki, frau Berbok öz ölkəsinə qayıdandan sonra Almaniya rəhbərlərinə də yalan danışacaq ki, bəs Azərbaycanda olarkən, vaxtilə Ermənistandan qovulmuş, bütün hüquqları pozulmuş qaçqınlarla da görüşüb, onların problemləri ilə maraqlanıb. Onun diplomatik dayazlığı belə söz deyəcəyini düşünməyə əsas verir.