Noyabrın 7-də Medianın İnkişafı Agentliyinin “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində müzakirələrin aparılması məqsədilə Gəncə şəhərində bölgədə fəaliyyət göstərən media subyektlərinin nümayəndələri və jurnalistlərlə görüş keçirilib.
Pravda.az xəbər verir ki, Audiovizual Şura və Mətbuat Şurasının da təmsil olunduğu görüşün məqsədi regional medianın inkişafının stimullaşdırılması və onun dayanıqlı inkişaf mexanizminin formalaşdırılması, bölgələrdə fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platformasının yaradılması, müəyyən edilən istiqamətlər əsasında diskussiyaların təşkili və diaqnostik icmalın hazırlanması, habelə həssas istifadəçi qrupu hesab edilən region gəncləri üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə yönələn “Media savadlılığı” təliminin keçirilməsidir.
Görüşdən əvvəl Medianın İnkişafı Agentliyinin nümayəndələri və tədbir iştirakçıları tərəfindən Gəncədə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, onun xatirəsi dərin ehtiramla yad olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı Fərmanla Azərbaycan mediasının inkişafında yeni mərhələnin başlandığını vurğulayaraq bildirib ki, son illərdə regionlarda infrastrukturun və telekommunikasiya şəbəkəsinin inkişafı, həmçinin keyfiyyətli internet xidmətlərinin təmin edilməsi dövrün trendlərinə və auditoriyanın tələblərinə cavab verən, mahiyyət və təqdimat baxımından yenilənmiş medianın formalaşdırılması istiqamətində də müxtəlif layihələrin hazırlanmasına, icrasına və media savadlılığının artırılmasına ciddi əsas yaradır.