Azərbaycanda kadr islahatları zamanla uğurla həyata keçirilən əsas prioritetlərdəndir. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu iradə hər kəsə yaxşı məlumdur. Amma nədənsə bəzi məmurlar bu yanaşmanı düzgün dəyərləndirmir, əksinə, sui-istifadə hallarına yol verirlər.
Götürək elə yeni təyin olunan icra başçılarını – 2022-ci ilin fevralında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elgin Həbibullayevi və Nizami Rayon İcra Hakimiyyətinə təyin edilən Coşqun Cəbrayılovu. Öncə xatırladaq ki, hər iki rəhbər Bakı Şəhər İcra Hakimiyyətində çalışıblar. E.Həbibullayev İH aparatının rəhbəri, C.Cəbrayılov isə Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. Olsun, perspektiv varsa, vəzifə yüksəlişi də mütləqdir. Amma… Hanı o perspektiv? Baxın, Həbibullayevin adı bağça biznesində hallanır, “Panda kids” mağazalar şəbəkəsinin qeyri-rəsmi sahibi olduğu deyilir.
Nərimanov rayonunda bağça biznesini genişləndirdiyi də bildirilir. Yaxşı, biznesmendirsə, gedib bizneslə məşğul olsun, buna bir iradımız yoxdur. Amma məmur kimi fəaliyyətini dondursun, çünki idarəçilik başqa sahədir və buna biznesi qoruyub-genişləndirmək prinsipi ilə baxılmamalıdır. Başçı oturduğu kreslodan öz kapitalını artırmaq üçün istifadə etməməlidir, səlahiyyətində olan ərazinin və onun əhalisinin rifahı üçün çalışmalıdır. Bəs Nərimanovda bu baxımdan vəziyyət necədir? Əhali arasında qısa bir sorğu keçirsək, görərik ki, yeni başçını heç tanıyan da yoxdur. Təsadüfi deyil ki, Nərimanov sakini, tanınmış aktrisa Naibə Allahverdiyeva da bu yaxınlarda E.Həbibullayevi tanımadığını bildirmişdi. Niyə tanımır? Çünki icra başçısı vətəndaşlarla görüşmür, onlarla ünsiyyətə girmir, konkret desək, onlardan qaçır.
Nizami rayonuna gələk, burada da məmur-vətəndaş münasibətləri heç də ürəkaçan deyil. “İcra başçısı Coşqun Cəbrayılovu gördüm”, – deyən olmayıb. Təkcə qanunsuz ağackəsmə faktıyla bağlı mediada onlarla material dərc olunub. Amma başçının ciddi reaksiyasını görüb-duyan olmayıb. Ən yaxşı halda quru təkzib verilib, vəssalam!