Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Vüqar İskəndərov: “Hər bir seçicinin birbaşa özümlə əlaqə saxlamaq imkanı var” - MÜSAHİBƏ

2 573
Paylaş:
Vüqar İskəndərov: “Hər bir seçicinin birbaşa özümlə əlaqə saxlamaq imkanı var” -             MÜSAHİBƏ

113 saylı Şəki şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərovun Pravda.az-a müsahibəsi:

- Vüqar müəllim Azərbaycanda aparılan struktur və kadr islahatlarını necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, bu gün Azərbaycan öz inkişafına, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursuna görə dünyada müsbət mənada fərqlənir. Ölkəmizin inkişaf modeli beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Heç şübhəsiz Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır ki, bu proses də 2018-ci ilin aprelindən sonra yeni mərhələyə qədəm qoyub. Yəni 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində növbəti dəfə xalqın etimadını qazanan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub ki, bu mərhələ də bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Bu konteksdə ötən ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən struktur islahatları ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Onu da deyim ki, Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən struktur islahatları əslində 2015-ci ildən etibarən reallaşdırılan dərin hüquqi və institusional islahatların davamıdır. Eyni zamanda ölkəmizdə yeni mərhələdə institusional islahatların davamı olaraq kadr siyasəti də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

- Həyata keçirilən islahatlar kursu yeni parlamentin formalaşmasında hansı rol oynayıb?

- Hesab edirəm ki, parlament səviyyəsində reallaşdırılan islahatlar ölkəmizdə milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. Yəni ölkəmizdə reallaşdırılan islahatlar fonunda cari ilin fevral ayının 9-da keçirilmiş parlament seçkilərindən sonra qanunverici orqanın tərkibində yeniləşmə, gəncləşmə oldu, həmçinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eyni zamanda, müxalifət nümayəndələri parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçildilər. Bu, əlbəttə ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış çox mühüm addımdır. Bundan başqa, dövlət başçısının göstərişinə əsasən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi strateji əhəmiyyətə malikdir. Burada bir məqamı xüsusi olaraq qeyd etməyi vacib bilirəm, istər bu islahatlar, istərsə də koronavirus pandemiyası dövründə ölkəmizdə həyata keçirilən tədbirlər, həmçinin ölkəmizin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Lakin təəssüflər olsun ki, ölkəmizin bu uğurları xaricdəki ermənipərəst, antiazərbaycançı dairələri və onların sifarişləri əsasında fəaliyyət göstərən “sapı özümüzdən olan baltalar”ı, ölkəmizdəki “beşinci kolon” nümayəndələrini narahat edir. Və bu qüvvələr ölkəmizin uğurlarına kölgə salmaq üçün yenə də müxtəlif əməllərə baş vururlar. Ancaq bu qüvvələrin təxribatçı cəhdləri yenə də iflasa uğrayacaq. Çünki Azərbaycan xalqı onların hansı əməllərin sahibi olduqlarını yaxşı bilir.

- Vüqar müəllim məlum olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatlar həyata keçirilir. Bu islhatların fonunda yeni Baş prokururorun təyinatını necə dəyərləndirərdiniz?

- Qeyd edim ki, Prezident İlham Əliyevin ötən il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmana uyğun ölkəmizdə məhkəmə-hüquq sistemində də əsaslı islahatlar həyata keçirilir. Xatırladım ki, bu Fərmanda vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının daha da artırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin təşviqi, hakimlərin sayının artırılması və s. məsələlər əsas hədəf kimi götürülüb. Yəni dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxşahəli islahatlar məhkəmə - hüquq sistemini də əhatə edir. Cənab Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məqama diqqət çəkərək “Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” dedi. Onu da deyim ki, dövlət başçısının qəbulda islahatlar çərçivəsində prokurorluq orqanlarının qarşısında qoyduğu mühüm vəzifələrdən biri indiki şəraitdə ölkəmizdə şəffaflığın artırılması, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlıdır. Bu, heç də təsadüfi deyil. Çünki Azərbaycanda korrupsiyaya və rüşvətxorlğa qarşı mübarizənin sistemli xarakter daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə bu məsələdə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirib. Bildiyiniz kimi, son 16 ildə Prezident İlham Əliyevin qətiyyəti sayəsində respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla daha da möhkəmləndirilib, fəaliyyətində korrupsiya və rüşvətxorluq kimi əməllərə yol verənlərin ifşa edilərək qanun qarşısında cavab vermələri üçün addımlar atılıb. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin son vaxtlar həyata keçirdiyi xüsusi əməliyyatlar nəticəsində fəaliyyətində korrupsiya və rüşvətxorluq kimi mənfi hallara yol verən məmurların, o cümlədən bir sıra rayonların icra hakimiyyəti başçılarının, həmçinin ayrı-ayrı icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbər şəxslərinin qanundankənar əməlləri ifşa edilib və onlar həbs olunublar. Lakin bu, son deyil və bundan sonra da bu cür əməllərə yol verənlərə qarşı sərt cəza tədbirləri görüləcək. Mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluq orqanları daha fəal iş aparmalıdırlar. Hesab edirəm ki, respublikanın yeni Baş prokuroru vəzifəsinə məhz Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Kamran Əliyevin təyin edilməsi də dövlətimizin korrupiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmaq əzmini bir daha nümayiş etdirdi.

- Azərbaycanda məhkəmələrə etimad hansı səviyyədədir?

- Yuxarıda vurğuladığım kimi məhkəmə-hüquq sistemində də islahatlar həyata keçirilir. Məhkəmə-Hüquq Şurası çalışır ki, məhkəmələrin nüfuzu daha da artsın. Bu sahədə beynəlxalq təcrübədən istifadə edilir. İnanıram ki, yaxın vaxtlarda məhkəmələrə etimad daha böyük olacaq.

- Vüqar müəllim islahatlardan, yenliklərdən söz düşmüşkən, bu islahatlar fonunda keçirilən seçkilərdə Milli Məclisin yeni seçilən üzvlərindən biri də sizsiniz. Maraqlıdır, siz bir deputat kimi hansı yeniliklər etmək fikrindəsiniz?

- Əvvəla sizin saytınız vasitəsilə növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürdüyü, mənə yüksək etimad göstərdiyi üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyamızın etimadını doğrultmaq üçün üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyəm. Bir millət vəkili kimi fəaliyyətimə gəlincə deyim ki, Şəki kimi qədim şəhəri parlamentdə təmsil etmək həm şərəfli, həm də məsuliyyətli bir işdir. İlk gündən demişəm ki, bütün vədlərə əməl edəcək, həmişə seçicinin yanında olacağam. Millət vəkili kimi gördüyüm işlərlə bağlı hər 3 aydan bir “Vuqarisgenderov.com” saytında hesabatla çıxış edəcəyəm. Ümumiyyətlə, fəaliyyətim boyunca hesabatlı olmuşam və bundan sonra da belə olacaq. Hər bir seçicinin birbaşa özümlə əlaqə saxlamaq imkanı var. Millət vəkili kimi fəaliyyət göstərdiyim qısa müddət ərzində seçicilərimlə daim maraqlanmışam. Bilirsiniz ki, pandemiya ilə əlaqədar insanların kütləvi şəkildə iştirakı ilə hər hansı tədbirin, o cümlədən seçicilərlə toplu halında görüşlərin keçirilməsi mümkünsüzdür. Lakin mən bu müddət ərzində rayondakı köməkçim vasitəsilə hər gün seçicilərimlə əlaqə saxlamışam, onlara lazım olan dəstəyin göstərilməsinə çalışmışam. Eyni zamanda, hər hansı məsələ ilə bağlı elektron poçtuma daxil olan müraciətlərlə bağlı müvafiq addımlar atmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir. Müraciətlərin hamısına diqqətlə yanaşıram, imkan daxilində köməklik göstərirəm, həlli bizdən asılı olmayan məsələlər barəsində də aidiyyatı orqanlara müraciət edirik. Sağ olsun Şəki şəhərinin rəhbərliyi, bu və digər seçici problemi ilə bağlı müracətlərimizə dərhal reaksiya verilir və məsələlərin həllinə yardım göstərilir. Yeniliklərimizdən biri də odur ki, rayondakı köməkçimin yanında könüllü qrupu yaradacağam. Bu, rayonda ictimai rəyi öyrənmək üçün çox önəmlidir. Media nümayəndələrinə də açığam, mənə aid olan sualları cavablandırmağa hazıram.

- Bəs, Şəkidə hansı problemlər var, seçicilərinizi daha çox narahat edən nədir?

- Öncə onu deyim ki, ötən illər ərzində dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğıdan güc alan Şəki bir sıra uğurlar imza atıb. Dünyanın 10-dan çox şəhəri ilə qardaş olan, 2008-ci ildən dünya tarixi şəhərlər liqasında Azərbaycanı təmsil edən, 2010-cu ildən Azərbaycanın sənətkarlıq paytaxtı olan, 2016-cı ildə TÜRKSOY tərəfindən türk mədəniyyəti paytaxtı elan edilən, 2017-ci ildə UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinə daxil edilən Şəki məhz Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çox böyük əməyi, zəhməti nəticəsində 2019-cu ildə tarixi bir uğura imza atıb. Belə ki, ötən il Şəki şəhəri Xan Sarayı və onun tarixi hissəsi ilə birgə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olub. Beləliklə, həm yuxarıda sadaladığım yerli və xarici uğurlar, həm 84 tarixi abidənin mövcudluğu, həm bir çox qədim sənətlərin qorunub, saxlanıb və mühafizə olunması, həm özünün dadlı mətbəxi, həm də insanların dincəlməsi üçün hər cür şəraitə malik 40-a yaxın oteli ilə Şəki böyük turizm potensial olan bir şəhərdir. Eyni zamanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bu ilin üç ayında da istər ümumilikdə ölkəmizdə, istəsə də ayrı-ayrı regionlarda dinamik inkişaf müşahidə olunub və bu inkişafdan doğma Şəkimizə də pay düşüb. Rayonda genis miqyaslı abadlıq-quruculuq işləri aparılıb, yeni təsərrüfat sahələri və iş yerləri açılıb, insanların sosial rifah halının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atılıb. Problemlərə gəlincə, ümumiyyətlə, Şəkidə içməli su  problemi var idi ki, bu, artıq həll edilir. Bir millət vəkili olaraq Baş Nazirə müraciət ünvanladım ki, bu işlər başa çatdıqdan sonra şəhərin yollarına asfalt örtüyü döşənsin. İnanıram, o məsələ də həllini tapacaq. Hazırda Şəkinin tarixi görkəminin restavrasiya edilməsi məsələsi gündəmdədir. Başqa bir məsələ, bilirsiniz ki, Şəki ipəkçilik şəhəridir. Bir zamanlar Şəkinin ipəkçilik kombinatında minlərlə insan işləyirdi və bu kombinat keçmiş SSRİ-də ikinci idi. Hazırda bu şirkətin tam gücü ilə işləyə bilməsi üçün addımlar atılır. Əminəm ki, şirkət ən az 80 faiz gücü ilə işləyə biləcək. Şəkinin tarixi görkəmi var, yuxarıdan baxanda, evlərin dam örtüklərinin kirəmitləri maraqlı görünür. Düzdür, son illər bəzi dəyişikliklər edilib, insanlar ev tikəndə bunu nəzərə almayıblar. Bununla bağlı Dövlət Turizm Agentliyinin xüsusi proqramı var, yaxın zamanlarda məsələyə baxılacaq, çalışırıq ki, əvvəlki görkəm qayıtsın. Şəkinin özəlliklərindən biri də odur ki, insanları mühafizəkardırlar. Məsələn, babalardan gələn sənətkarlıq bu gün də qorunur. Gənclərin müasir elm və texnikaya yiyələnməsi normal haldır, Şəkidə bununla yanaşı sənətkarlıq da qorunur. Çalışırıq ki, gəncləri bu istiqamətdə stimullaşdıraq.

Paylaş:

Ən son xəbərlər