Güney Azərbaycanın tanınmış milli fəallarından olan Yürüş (Ayət) Mehrəlibəylinin 6 gündür harada olması və hansı şəraitdə saxlanıldığına dair məlumat yoxdur. Pravda.az Axar.az-a istinadən xəbər verir ki, "Qopuz” jurnalının keçmiş direktor və redaktoru olan Mehrəlibəyli noyabrın 7-si Gərgər şəhərində silahlı ETTELAAT məmurları tərəfindən saxlanılıb.
O, 1979-cu ilin yanvarın 31-də Şərqi Azərbaycanın Xarvana rayonunun Qarlıca yaylağında anadan olub. Sonralar ailəsi Culfa şəhərinin Şuca kəndinə köçür. Bu kənddə böyüyən Yürüş Mehrəlibəyli tam orta məktəbi Ələmdar şəhərində bitirdikdən sonra Rəşt Universitetinin "Sənaye idarəçilik” ixtisasına daxil olur və buranı bitirir. Ardınca Tehranın Tərbiyət Müdərris Universitetinə daxil olaraq magistr dərəcəsini də başa çatdırır. Lakin onun doktorantura dərəcəsində təhsil almasına icazə verilmir.