Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Mirzə Xankişiyevin e-huquq.az-a müsahibəsini təqdim edirik:
- Mirzə müəllim, uzun illər prokuror, daha sonra hakim, indi isə vəkil kimi fəaliyyət göstərirsiz. Bu 3 peşədən hansı ruhən sizə daha yaxın olub?
- Ali məktəbi bitirdikdən sonra prokurorluq orqanlarında çalışmaq istəyirdim. Çünki prokurorluq çox nüfuzlu orqan idi. Həm də bu sahəyə çox böyük həvəsim var idi. Bilirsiniz, mən hər zaman düşünürəm ki, insanın həvəsi, marağı hansı sahəyədirsə, hansı peşədə faydalı olacaqsa, orda çalışmalıdır. Əks halda nə özünə, nə başqasına faydalı ola bilməz. Prokurorluğa qəbul üçün çoxsaylı ərizələr yazmışdım və bütün ərizələrimin sonunda qeyd edirdim ki, mən yalnız prokuror olmaq istəyirəm. O vaxt qəbul prosesi imtahanla deyildi, sənəd verəndə dəvət edib sorğu-sual edir, şifahi müsahibə formatında müraciətçinin potensialını, savadını yoxlayırdılar. İşə qəbul prosesi növbəlilik əsasında aparılırdı. Mən 1987-ci ildə Balakən rayon prokurorluğunda prokurorun köməkçisi kimi işə başladım. 5 il orda çalışdım və həmin illər mənim üçün çox böyük təcrübə oldu. 21 il prokurorluqda işlədikdən sonra hakim olmağa qərar verdim. Çox ciddi və məqsədli şəkildə hazırlaşdım və istəyimə çatdım. Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olundum və 13 il 8 ay orada işlədim. Təqaüdə çıxdıqdan sonra isə vəkilliyə qəbul olundum. Hazırda vəkil kimi fəaliyyət göstərirəm. Bu peşələrin hər birinin öz yeri var, öz əhəmiyyəti var.
- Mirzə Xankişiyev necə hakim olub?
- Mənim özüm haqda nəsə deməyim, tərifləməyim düzgün olmaz. Amma bu gün insanlardan gördüyüm münasibət məni xoşbəxt edir. Bilirsiniz, gərək həyatda elə yaşayasan ki, sabah vəzifədən gedəndə də insanlar sənə hörmətlə yanaşsınlar. Mən hakim işləyəndə necə hörmətlə yanaşıblarsa, bu gün də həmin hörməti görürəm. Bu yaxınlarda Bakı Apellyasiya Məhkəməsində idim. Məhkəmənin həyətində 10-dək vəkil bir yerə yığışıb söhbət edirdilər. Məni görüb yanıma gəldilər, salamlaşıb əhatəyə aldılar. Aralarında biri dedi ki, Mirzə müəllim, biz hamımız sizi çox istəyirik, çünki siz əsl hakim olmusuz. Ona görə də bu gün sizinlə belə hörmətlə gəlib görüşürük. Bu hörməti siz özünüz qazanmısız. İnanın bu sözlər məni o qədər ruhlandırdı ki. Şükür edirəm ki, mən yaddaşlarda yaxşı hakim kimi, yaxşı insan kimi qalmağı bacarmışam. Əlbəttə, həyatda səhvsiz insan yoxdur. Mən durub desəm ki, ideal insanam, bu yalan olar. Amma səni tanıyan insanların 90 faizi tərəfindən sevilirsənsə, bu böyük xoşbəxtlikdir. Bir gün paytaxtın "Tarqovi" adalanan küçəsi ilə gedirdim, bir oğlan yaxınlaşıb salamlaşdı. Soruşdu ki, Mirzə müəllim, məni tanımadız? Dedim ki, yox. Dedi ki, siz mənə 10 il azadlıqdan məhrumetmə cəzası vermişdiz. Soruşdum ki, səhv etməmişəm ki? Cavab verdi: "Düzünü deyim, mən 11 il cəza gözləyirdim, amma siz humanistlik göstərdiz. Biz cəzaçəkmə müəssisəsindəki məhkumlarla sizin barənizdə həmişə müzakirələr edirdik. Siz orda kimin işinə baxmışdızsa, tam ədalətli qərar qəbul etmişdiz. Oradakı məhkumlar da bunu təsdiq edirdi". Əgər ağır cəza verdiyim şəxs yaxınlaşıb mənə bu sözü deyirsə, deməli, verdiyim qərarlar ədalətli olub".
- Daha çox bəraət verən hakimləri cəmiyyət ədalətli, humanist hakim kimi tanıyıb qəbul edir. Bəs siz 13 illik hakimlik fəaliyyətinizdə neçə bəraət hökmü çıxarmısız?
- Hakimlik dövründə 20-ə yaxın bəraət vermişəm. Bu, kifayət qədər ciddi rəqəmdir. Bakı Ağır Cinayətlər Məhkəməsində ilk bəraət verən hakimlərdən idim. Çıxardığım bəraət qərarları da hər zaman qüvvədə qalıb. Bəraət vermək çox ciddi təhlil tələb edir, sən qoyulan ittihamları nəzərdən keçirirsən, təkzib edirsən, ortaya qoyulan faktı inkar edirsən ki, bu belə deyil, elədir. Bu, ciddi məsuliyyətdir. Bəziləri buna risk etmir. Fikirləşir ki, bəraət verər, sonra yuxarı instansiyada ləğv olunar. O hakim bəraət verir ki, o, özündə o gücü, cəsarəti görür. Çünki hər adam öz içindəki ədaləti ortaya çıxaracaq qədər cəsarətli olmur. Ona görə də mən həmişə deyirəm ki, hakim üçün təkcə ədalətli olmaq kifayət etmir, hakim həm də cəsarətli olmalıdır.
- Elə bəraət hökmünüz olub ki, ən az təqsirləndirilən şəxs qədər sizi də sevindirsin?
- Əslində belə qərarlar çox olub, indi onların hamısı barədə danışmağa vaxt çatmaz. Belə işlərdən biri, səhv etmirəmsə, 2009-2010-cu illərdə icraatıma daxil olmuşdu. İşlə tanış olduqda təqsirləndirilən şəxsin günahsız olduğunu başa düşdüm. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Azərbaycan vətəndaşı Rusiyada kriminal aləmin iki üzvünü öldürməkdə ittiham olunurdu. Əslində isə həmin iki nəfər başqa bir azərbaycanlı tərəfindən odlu silahdan atəş açmaqla qətlə yetirilibmiş. Cinayət əməlini törədən şəxs bu adamı - təqsirləndirilən şəxsi hədələyərək deyib ki, sən bu işi öz üzərinə götür, biz sənə kömək edib həbsdən buraxdıracağıq. Bu oğlan da qorxduğuna görə onunla razılaşıb. Təsəvvür edin ki, bu adam ümumiyyətlə, hadisə baş verən zaman orda olmayıb. Sadəcə ona tapşırıblar ki, bu cür ifadə verərsən. Onun üçün vəkil də tutublar. Nə isə, bir müddət sonra vəkili gəlib təqsirləndirilən şəxsə deyib ki, bu işi sənin boynuna qoyan adam – yəni əsl cinayətkar artıq özü də qətlə yetirilib. Odur ki, artıq qorxmağına heç bir səbəb yoxdur, məhkəmədə hər şeyi olduğu kimi etiraf etsən, xilas ola bilərsən. Elə də olur, oğlan hər şeyi etiraf edir, vəkil də sübutları ortaya qoyur və o, bəraət alır. Oğlan həbsdən çıxdıqdan sonra Azərbaycana gəlir. Sonradan Rusiyada prokurorluq həmin hökmdən protest verir. Bu oğlan axtarışa verildikdə onun Azərbaycanda olduğu məlum olub. Onun cinayət işi üzrə materiallar Azərbaycana göndərilir və işə burada baxılır. Bakı Ağır Cinayətlər Məhkəməsinə bu iş daxil olduqda mən də araşdırıb həmin adamın tam günahsız olduğunu təsdiqlədim. Qərar yuxarı instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlanıldı. Əgər mən belə günahsız insana cəza versəydim, necə rahat yata bilərdim? Həmişə yadıma düşəndə sevinirəm ki, o adama bəraət verdik. Hesab edirəm ki, dünyada ən pis şey günahsız adamı azadlıqdan məhrum etməkdir. Hakim buna yol verməməlidir.
- Çıxardığınız qərarlarla bağlı sizə qarşı heç təzyiqlər olubmu?