13 noyabr 2023-cü il tarixində xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın (Komissiya) Azərbaycan tərəfdən həmsədri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri, Komissiyanın Mərakeş tərəfdən həmsədri Nasser Bourita ilə görüşüb.
Bu barədə Pravda.az-a Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov və nazir Nasser Bourita arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
İkitərəfli görüşlərdən sonra, Azərbaycan və Mərakeşin aidiyyəti dövlət qurumlarının rəsmilərinin də iştirak etdiyi ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası keçirilib.
Görüşlər zamanı Azərbaycan ilə Mərakeş arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Komissiyanın iclası zamanı Ulu Öndər Heydər Əliyevin Mərakeşə 1994-cü ildə səfəri məmnunluqla xatırlanıb. Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlıq gündəliyinin inkişafına yeni impuls verilməsi baxımından bu və digəe ali səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti və rolu qeyd olunub. İki ölkə arasında siyasi dialoqun daha dayanıqlı edilməsi və zənginləşdirilməsi xüsusunda Xarici İşlər Nazirlikləri arasında mövcud siyasi məsləhətləşmələr mexanizminin önəmi vurğulanıb.
Azərbaycan ilə Mərakeşin indiyədək bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdikləri dəstək məmnunluqla xatırlanıb, BMT, İƏT və QH kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti barədə həmfikirlik ifadə olunub.
Mərakeş ilə iqtisadiyyat, ticarət və investisiyalar üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, bu xüsusda Komissiyanın iclaslarının daha müntəzəm şəkildə təşkilinin və sözügedən iclasların çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumların keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.