2023-cü ilin 14 noyabr tarixində BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 44-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının 4-cü dövri məruzəsi nəzərdən keçirilib.
Bu barədə Pravda.az-a XİN-dən məlumat verilib.
Tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Qeyd edək ki, beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin BMT üzv dövləti tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətlərdə tövsiyələr verilir.
Nazir müavini dövri məruzə çərçivəsində çıxış edərək, ölkəmizdə həyata keçirilən işlər, beynəlxalq insan hüquqları müxanizmləri çərçivəsində əməkdaşlıq, “Böyük Qayıdış” dövlət proqramı, Ermənistanın təcavüzü nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, azərbaycanlıların hüquqlarını pozulması fakrları, itkin düşmüş şəxslər məsələsi və s. ilə bağlı ətraflı məlumat təqdim edib.
Azərbaycan üzrə UDİ baxışı çərçivəsində BMT-nin 120-ə yaxın üzv dövlətinin nümayəndələri çıxış edərək ölkəmizdə insan hüquqlarının vəziyyətinə dair öz tövsiyələrini təqdim ediblər.
Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycanda insan hüquqları sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu sahədə müsbət dinamikanın davam etdirilməsi tövsiyə olunub.