Noyabrın 15-də Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, hüquq elmlər doktoru, professor Lətif Hüseynovla hüquq ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib.
Pravda.az xəbər verir ki, görüşdən əvvəl qonaq Mərkəzin inzibati binası ilə tanış olub, Mərkəzin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Daha sonra görüşü giriş sözü ilə açan VK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayaraq, son illərdə vəkillik sahəsində aparılan uğurlu islahatlar, VK-nın fəaliyyəti, görülən çoxşaxəli işlər, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətində vəkillərin rolu və mövcud durum barədə məlumat verib.
Həmçinin görüşdə Vəkillər Kollegiyasının Akademiyasının rəhbəri, VK-nın üzvü, hüquq elmləri doktoru, professor Əmir Əliyev çıxış edərək, Akademiyanın fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışıb.