Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) yaradan şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 1985-ci ildə Bakı şəhərində anadan olmuş Emil adlı sahibkar direktoru olduğu "Terminal-Ko" MMC vasitəsi ilə 2020-ci ildə Ədliyyə Nazirliyinə təxminən 400.000 manat dəyərində təsərrüfat, inşaat malları və qida məhsulları satıb. Emil həmin məhsulları əsasən hazırda xatırlamadığı Bakıda malların topdan satışı ilə məşğul olan şəxslərdən alaraq, Ədliyyə Nazirliyinə satışını həyata keçirib.
MMC rəhbəri həmin ildə "Terminal-Ko" MMC-nin hesabına gələn pullara görə yaranan vergiləri ödəmək əvəzinə, onları başqa işlərinə yönəldib, vergiləri sonra ödəyəcəyinə ümid edib. Lakin sonra problemləri çıxdığına görə vergiləri ödəyə bilməyib və müvafiq orqana boş bəyannamə verərək və ya ümumiyyətlə hesabat verməyərək, 2020-ci ilin fevral ayı üzrə 73639,79 manat məbləğində əlavə dəyər və həmin il üzrə 50766,08 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 124405,87 manat vergi borcu olub.