BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan UNESCO-nun şərtini qəbul etmədi

Bu günlərdə UNESCO-nun Qarabağa səfər üçün Azərbaycanın təklif etdiyi marşrutdan imtina etdiyinə dair məlumatlar yayılıb. Məlumatda deyilir ki, UNESCO Azərbaycanın Qarabağ bölgəsinə səfər üçün müraciət edib. Eyni zamanda, rəsmi Bakının erməni işğalı dövründə Ağdamdakı dağıntıları sənədləşdirmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasının Ağdamdan keçməklə Xankəndiyə getmək təklifi ilə razılaşdığı bildirilib. O da qeyd olunub ki, UNESCO bu təklifdən imtina edib, Xankəndidəki abidələrin vəziyyətini qiymətləndirmək üçün yalnız həmin şəhərə getmək arzusunu ifadə edib. Lakin məlum olub ki, əsl həqiqət heç də belə deyilmiş.

 

UNESCO Azərbaycan tərəfinə işğaldan azad edilmiş ərazilərdə cəmi iki abidəyə baxış keçirəcəyini bildirib, bundan sonra isə dərhal Xankəndi şəhərinə gedəcəklərini vurğulayıblar.

 

Azərbaycan isə bunun əleyhinə çıxış edib. Azərbaycan tərəfi UNESCO missiyasının bu şərtlər daxilində bölgəyə səfərini qeyri-səmimi və qeyri-şəffaf adlandırıb. Beləliklə, Azərbaycan UNESCO-nun şərtini qəbul etməyib.

 

Xatırlatmaqda fayda var ki, işğal zamanı Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə böyük ziyan vurulub. Sistematik olaraq Azərbaycanın mədəni irsinin dağıdılması halları mövcuddur. Mədəni obyektlər, mədəni irs dağıdılıb, məhv edilib. 44 gün davam edən müharibədə Azərbaycan qalib gəlib və Cənubi Qafqazda böyük imkanlar açılıb. Azərbaycan işğaldan azad edilmiş ərazilərə beynəlxalq təşkilatları, o cümlədən UNESCO-nun faktaraşdırıcı missiyasını da cəlb etmək istəyir ki, müvafiq monitorinq aparıb, öz rəyini versinlər. Azərbaycan tərəfi ilk gündən Azərbaycan Respublikasına nəzərdə tutulan UNESCO missiyasının həyata keçirilməsini alqışlayıb və qısa müddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və UNESCO arasında ikitərəfli formatda razılaşdırılıb. Azərbaycan Respublikası torpaqlar işğal altında olduğu müddətdə bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində də israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib./APA

Tarix: 20 Noyabr 2023, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin