Bakının Nəsimi rayonunda 1999-cu il təvəllüdlü Rüstəm əvvəllər tanımadığı, 1998-ci il təvəllüdlü Vüsalı (adlar şərti verilib - red.) qətlə yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rüstəm 14 avqust 2022-ci ildə, saat 22 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aybənizlə aralarında olan mübahisəni həll etmək məqsədilə Bakının 3-cü Alatava yaşayış massivində, “Beton park” adlanan ərazidə görüşüb.
Rüstəm Aybənizi ona xəyanət etməkdə günahlandırıb. Zor tətbiq edib və Aybənizin dəyəri 250 manat olan telefonunu sındırıb, üzünə şillə vurub. Telefonla baş və çiyin nahiyələrinə zərbələr endirib, müxtəlif dərəcəli xəsarətlər yetirib.
Həmin vaxt yaxınlıqda olan Vüsal dostları Camal və Xəlil ilə birlikdə onlara yaxınlaşıb. Vüsal Rüstəmə narahatlıq yaratması, səs-küy salması ilə bağlı irad bildirib.
Aybənizin qaçdığını görən Rüstəm onun arxasınca yolun digər tərəfinə qaçıb. Vüsal və Camal da ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə Rüstəmin arxasınca yüyürüblər.
Rüstəm Vüsalın onu itələyərək vurmasını bəhanə edib, ov bıçağı ilə Vüsala çoxsaylı zərbələr yetirib. Vüsal aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adamöldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 221.3 (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) və 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aybənizlə bir yerdə yaşayıb və bir evdə qalıblar:
“Elə alındı ki, mən Aybənizdən ayrılmalı oldum. Ayrılıq təxminən iki ay davam etdi. Amma arada Aybənizgilə gedib-gəlmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün işdən çıxaraq Aybənizgilə gedib:
“Həmin vaxt bıçaq da üzərimdə olub. Aybənizin telefonuna mesaj gəldiyini gördüm. Buna görə telefonu alaraq qırdım. Bu vaxt tanımadığım şəxslər mənə yaxınlaşdılar və telefonu əlimdən dartaraq almağa çalışdılar. Telefonu vermək istəmədim. Onlardan uzaqlaşdıqda Vüsal məni vurdu. Yenə onlardan uzaqlaşmaq istədim”.