Noyabrın 20-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülmüş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünün qeyd edilməsinə dair BMT Baş Assambleyasının qətnamə layihəsi yekdilliklə qəbul edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edilib ki, “Dünyamızın transformasiyası: Davamlı İnkişaf üçün 2030 gündəliyi” adlı qətnamədə Xüsusi Proqramın üzv dövlətlər üçün qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və regional inkişafı təşviq edən regional proqram kimi mühüm rolu vurğulanıb.
Xüsusi proqramın təsis edildiyi 26 mart 1998-ci il tarixli Daşkənd Bəyannaməsinin məqsəd və məramları xatırladılıb, Mərkəzi Asiya ölkələrində əldə olunan tərəqqi, onların Avropa və Asiya iqtisadiyyatları ilə inteqrasiyasını və qlobal iqtisadi artıma töhfələri alqışlanıb.