Milli Məclis noyabrın 21-də keçirilən iclasında ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanat qəbul edib.
Pravda.az Bəyanatı təqdim edir: “Azərbaycan Respublikasının Milli Məclisi bu il noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Bununla birlikdə, Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, orada ölkəmiz əleyhinə səslənən çıxışları, ümumiyyətlə, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.
Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. Absurd teatr səhnəsini xatırladan dinləmələr isə ABŞ-ın riyakar siyasətinin yeni bir təzahürüdür.
Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi 1992-ci ildə Qarabağda Xocalı soyqırımı ilə yanaşı, Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində, Xocavənd rayonunun Qaradağlı kəndində, Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya kəndlərində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın aktları törədilərkən, Şuşa və Laçında etnik təmizləmə aparılarkən ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir. Bununla da ABŞ hökumətinin Azərbaycana maliyyə yardımı göstərməsi qadağan olunmuşdur. Keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkə idi ki, onun əleyhinə bu cür qərar qəbul edilmişdi. Nəticə etibarı ilə ABŞ-ın təcavüzkar Ermənistana verdiyi maliyyə dəstəyi Azərbaycan torpaqlarının işğalına kömək göstərmişdir.
Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Lakin Amerika Birləşmiş Ştatları özünün də lehinə səs verdiyi bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün heç bir tədbir görməmiş və bu ölkəyə qarşı hər hansı sanksiya tətbiq etməmişdir. Əksinə, ABŞ Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı rejimi dəstəkləmiş, ona maliyyə yardımı göstərmiş, rejim nümayəndələrinin ABŞ-a müntəzəm səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil etmişdir. ABŞ-ın bu cür birtərəfli addımları onun uğursuz vasitəçiliyini və Azərbaycan ictimaiyyəti arasında nüfuzunu itirməsi ilə nəticələnmişdir.
Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına və digər qətliamlara, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini abidələrin dağıdılmasına etinasızlıq göstərən ABŞ tərəfi 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra təcavüzkar Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etmədiyi üçün də məsuliyyət daşıyır. Digər tərəfdən, ABŞ Senatı Azərbaycan ərazisində qalmaqda davam edən Ermənistan Respublikası silahlı qüvvələrinin birləşmələrinə və qanunsuz erməni dəstələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra belə bir aktı qəbul etməklə revanşist qüvvələrə açıq dəstək verir.
“Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə ABŞ tərəfi Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi, təəssüf ki, yenidən təkrarlayır. Halbuki 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrora qarşı mübarizə səylərini dəstəklədiyi zaman 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ olmuşdur.
Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə yardım əlini uzatmışdır. Əfqanıstanda terrorizmə qarşı ABŞ ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də Azərbaycan olmuşdur. Eyni zamanda, Azərbaycan Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə idi.