Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevlə bağlı hökmdən verilmiş protestə baxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən iclasda prokuror etirazını əsaslandırıb. Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilmiş ittihamlara görə həddən artıq yüngül cəza təyin edildiyini deyib.
Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər heyəti protesti əsaslı hesab edib.
Qərara əsasən hazırda başqa iş üzrə həbsdə olan Zahid Niftəliyev 8 il 6 ay, bəraət almış Elsevər Niftəliyev 8 il azadlıqdan məhrum edilib. E.Niftəliyev məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Z. Niftəliyev, həm də CM-in 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddələri ilə təqsirləndirilib.