Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər qorxuda: İrəvana azərbaycanlılar köçür adlı veriliş efirə gedib.
Verilişdə tarixçi-etnoqraf, Ermənistan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, Qərbi Azərbaycana müxtəlif vaxtlara köçən ermənilərin məskunlaşma və uyğunlaşma mövzusunda araşdırmaları və çıxışları ilə tanınan, Qərbi Azərbaycanda azərbaycanlıların yaşam tərzi, mədəniyyəti və irsi haqqında bir qədər obyektiv mövqeyi olan yazılar və müsahibələri ilə seçilən Arsen Hakobyan və bloqçu Nare Sosenin etiraflarından bəhs olunur.
A.Hakobyan müsahibəsində deyir ki, bir gün Azərbaycan teatrı haqqında müsahibə oxudum və məndə ona qarşı maraq yarandı: “Araşdırma imkanım oldu və onu həyata keçirməyə çalışdım. Bəli, Cəfər Cabbarlının adını daşıyan belə bir teatr var idi, teatrın necə formalaşdığını, necə fəaliyyət göstərdiyini, hansı inkişaf yolu keçdiyini, ümumiyyətlə, necə olduğunu anlamaq çox maraqlı idi. Çünki tarixi, etnoloji baxımdan baxmaq başqadır, bədii baxımdan baxmaq başqa”.
Verilişdə İrəvan Teatrının yaranma tarixindən geniş bəhs olunur, bu mədəniyyət ocağının İrəvanda yaşayan azərbaycanlıların mədəni mühitini əks etdirən əsas amil olduğu bildirilir: “Teatr 1988-ci ilə qədər fəaliyyət göstərib. Həmin ildə azğınlaşmış ermənilər azərbaycanlılara qarşı növbəti cinayətə əl atdılar. Nəticədə azərbaycanlılar öz tarixi – etnik yurdlarından didərgin düşdü. Təbii ki, teatr da bu aqibəti yaşadı. Bakı-Lənkəran qastrollarından sonra doğma yurdlarına qayıda bilməyən truppa Bakı şəhərində fəaliyyətini davam etdirməyə başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaşatmaq naminə Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirməyə başladı”.
Diqqətə çatdırılır ki, indi Bakıda fəaliyyət göstərən və ötən il Prezident İlham Əliyevin sərəncamı ilə 140 illiyi qeyd olunan İrəvan Teatrının öz irsinə bağlıdır.