“2023- cü il - Heydər Əliyev ili” çərçivəsində Abşeron rayonunda 20 noyabr - “Uşaq Hüquqları Konvensiyası”nın qəbul olunması münasibətilə “Ümummilli Lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Pravda.az xəbər verir ki, Abşeron RİH-nin təşəbbüsü ilə baş tutan tədbirdə ilk öncə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Mərkəzin foyesində “Mənim hüquq və vəzifələrim” mövzusunda uşaqların çəkdiyi rəsm sərgisi ilə tanışlıq olub.
Konfransda Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Azərbaycan Republikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili, Milli Məclisin Gənclər İdman Komitəsinin üzvü Vüqar İsgəndərov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Orxan Rzayev, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, şəhid övladları və məktəblərin qabaqcıl şagirdləri, RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun, eləcə də “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın və “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” komissiyasının üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.