"Mən hələ uşaq idim, Əfsər Cavanşirovun "Bənövşə" uşaq xorunda oxuyurdum. Nisə xanım Qasımova Ceyran Haşımovaya demişdi ki, mənim bir rəfiqəm var, çox istəyirəm ki, o, bu ansambla gəlsin. Mən gəldim, səhnəyə çıxıb oxuyanda ağlamağa başladım. Ceyran müəllim dedi ki, niyə ağlayırsan? Qarşımda o qədər böyük sənətkar var idi ki, utandığımdan ağlayırdım. Qorxurdum. Həm də bu mənim daxili abır-həyam idi. Öz-özümə deyirdim ki, Firuzə, özünü yığışdır, yaxşı oxu. Müğənnilərin sayı artsa da, mahnıların keyfiyyəti azalıb. Mənə elə gəlir ki, yaxın 10 ildə hamı retro mahnılar oxuyacaq. Bu gün nədənsə müğənninin səhnə həyatı yox, səhnəarxası həyatı hamıya maraqlıdır". Pravda.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib.
O daha sonra əlavə edib:
"Deməzdim ki, çox böyük sənətim var. Özümə görə balaca da olsa, sənətim var. O illərdə bir müddət sənətdən uzaqlaşdım. Çox böyük sənətkarlarımız mənə zəng edirdilər ki, sənətə qayıt. Bir çoxları elə bilirdi ki, Azərbaycandan köçmüşəm, burada yoxam. Mən sənətsiz qala bilməzdim. İlhamə Quliyeva ağır günlərimdə mənə bir bacı kimi dəstək olub. Onun yeri görünür. Bəzən deyirlər ki, İlhamə xanımdan hamı qorxurdu. Mən belə deməzdim. O qorxunun özündə də bir hörmət olur. İlhamə xanım olduqca gözəl insan idi, xarakteri var idi".