Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İsa Qəmbər: “Böyük Vətən Müharibəsi Rusiyanın yanaşmasıdır, Azərbaycanın yanaşması ola bilməz”

1 589
Paylaş:
İsa Qəmbər: “Böyük Vətən Müharibəsi Rusiyanın yanaşmasıdır, Azərbaycanın yanaşması ola bilməz”

Bu gün – mayın 9-da faşizm üzərində qələbənin 75 ili tamam olur.

İkinci Dünya müharibəsi Azərbaycan tarixinin ən faciəvi dövrlərindən biridir.

Müharibənin faciəvi üzü yalnız 300 000-dən çox azərbaycanlının həlak olması deyildi, həm də eyni millətdən olanların 2 ayrı cəbhədə bir-birinə silah doğrultması idi. 

Üstündən 75 il ötsə də, nə bu müharibə, nə də onun qəhrəmanları unudulur. Amma zamanla ona baxış dəyişməkdədir.

Azərbaycan artıq SSRİ-nin tərkibində deyil, 30 ilə yaxındır müstəqil dövlətdir. Odur ki, müharibənin necə adlandırılması haqda müzakirələr gedir: İkinci Dünya müharibəsi ya Böyük Vətən müharibəsi? Yəni müstəqil Azərbaycan üçün İkinci Dünya savaşı Böyük Vətən Müharibəsidirmi?

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər belə hesab edir ki, Azərbaycan bu savaşı Böyük Vətən müharibəsi adlandıra bilməz, çünki Azərbaycan o zaman işğal olunmuşdu.

"Böyük Vətən Müharibəsi Rusiyanın yanaşmasıdır, Azərbaycanın yanaşması ola bilməz, çünki həmin dönəmdə Azərbaycan Rusiya tərəfindən işğal olunmuş ölkə idi və müstəmləkə vəziyyətində idi. Azərbaycan dövləti müstəqil qərarlar qəbul edə bilmirdi".

Onun fikrincə, bu, Rusiyanın yanaşması olsa belə, yenə də yanlışdır: "Müharibə 1941-ci ildə başlamayıb, həmin müharibə 1939-cu ilin sentyabrından başlayıb, ona görə də bu müharibə İkinci Dünya savaşı kimi tarixə keçib və bunu hər hansısa bir ölkənin, dövlətin ancaq özünə aid bir müharibə kimi qiymətləndirməsi tarixi gerçəkliyə ziddir. İstənilən baxımdan bu müharibə İkinci Dünya savaşıdır".

İsa Qəmbər 9 Mayın Azərbaycanda qələbə günü kimi qeyd olunmasına da toxunub: "Hitler faşizmi 1945-ci ilin 8 mayında məğlubiyyətə uğradılıb və bunu da dünya xalqlarının qələbə günü kimi qeyd eləməyə haqları var. Amma çox təəssüf ki, Azərbaycanın tarixində 8-9 may həm də Şuşanın işğal günü kimi tarixə keçib. Eyni gündə həm bayram etmək, həm də böyük bir məğlubiyyətin faciəsini qeyd etmək o qədər də məntiqli görünmür".

MSDM rəhbəri hesab edir ki, bəşəriyyətin faşizm üzərində qələbəsini önəmli bir gün kimi qeyd etməklə yanaşı, həm də Şuşanın işğal gününü unutmamalı, torpaqların işğaldan azad edilməsini sürətləndirməliyik.Toplum.tv

Paylaş:

Ən son xəbərlər