Təzadlı hisslər
Sovetlər İttifaqında doğulmuş və ömrünün müəyyən hissəsini o dövrün rəsmi dövlət ideologiyasına uyğun olaraq qeyd olunan bir sıra bayramlarla yanaşı, 9 may , Qələbə gününü, də xüsusi təmtəraqla qeyd edərdik. Ələlxüsus ətrafımızda yaşayan, müharibədə şərəfli döyüş yolu keçmiş veteranların bu bayramı səbrsizliklə gözlədiklərini və sevinclə, qürur hissi ilə qeyd etdiklərini seyr etmək olduqca xoş hisslər idi. 1975-ci il may ayında Balakən şəhərinin mərkəzində yerəşən bağda, qələbənin 30 illiyi münasibətilə naməlum əsgərin abidəsi ucaldıldı. Həmin yerdə isə, müharibə zamanı sovet döyüş təyyarəsi düşmüşdü və iki nəfər hərbi təyyarəçi həlak olmuşdu. Müharibədən sonra, həmin təyyarənin düşdüyü yerdə xatirə abidəsi qoyulmuşdu. Yerli əhali o bağa xüsusi diqqət göstərir, hörmətlə yanaşırdı. Veteranlar abidənin ətrafında məktəblilərlə görüş keçirir, hərbi vətənpərvərlik mövzusunda söhbətlər aparırdılar. Yaxşı yadımdadı 7-ci sinifdə oxuyurdum. Azərbaycan televiziyasından çəkiliş qrupu gəlmişdi və məktəbimizdən bəzi uşaqları seçərək çəkilişə dəvət etdilər. Brest qalasının müdafiəsində vuruşmuş Daniyal Abdullayev ilə əvvəl məktəbdə, sonra isə naməlum əsgərin abidəsi önündə görüşlər keçirildi. Daha sonra meşədə çəkilişlər aparıldı və beləliklə uşaqlıq həyatımızda ilk dəfə televiziya çəkilişi ilə müşaiyət olunan qələbə bayramını qeyd etdik.
İllər keçdi.
SSRİ adlı super dövlət dağıldı. İctimai münasibətlər dəyişdi. Sovetlər birliyinə daxil olan respublikalarda millətlər arası konfliklər baş verdi. Çox təəssüflər ki, əvvəl Qorbaçovun timsalında SSRİ, sonra isə müstəqil Rusiya rəhbərliyi konfliklərin qarşısının alınması üçün heç bir əməli iş görmədilər. Əksinə qarşıdurmaları qızışdırmaqla, bir tərəfli ədalətsiz mövqe tutdular. Nəticədə ölkəmizlə yanaşı, Gürcüstan, Moldova, Ukrayna kimi müttəfiq respublikalar ərazilərinin bir hissəsini itirdilər.
1992-ci ildə Azərbaycan xalq cəbhəsini təmsil edən, adi idarəçilik təcrübəsi olmayan populist insanlar, reallığa söykənməyən lozunqlarla küçədən hakimiyyətə gəldilər. Hələ dövlətin qurulmadığı, iqtisadiyyatın, normal idarəetmə sisteminin formalaşmadığı, mənfur erməni separatçıları ilə mübarizənin getdiyi dövrdə, müxtəlif ölkələrə bayraq sancmaq kimi utopik düşüncə ilə, türkdilli dövlət başçılarına göstərişlər verməklə, ciddi şəkildə mövcud olan ideoloji fərqlərə baxmadan, cənub problemlərini qızışdıraraq qısa zaman kəsiyində çoxsaylı problemlər yaratdılar. İkinci dünya müharibəsi veteranlarını vətən xaini elan etməklə, onların şərəfinə ucaldılmış abidələri vəhşicəsinə dağıtdılar. O cümlədən, artıq o zaman başqa yerə köçürülmüş həmin naməlum əsgərin abidəsini də vandalcasına eybəcər hala saldılar.
Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, bütün şüurlu həyatım boyu vətənimizin müstəqil olmasını arzulamışam və kimsə çalışmasın bizi hansısa ,pərəstlikdə, günahlandırmağa. (İndi belə şeylər dəbdədir. Hamı bir birini günahlandırır. Bu barədə gələcəkdə ətraflı yazacağam.)
İkinci cahan müharibəsi insanlıq tarixinin ən qanlı səhifəsidir. Bu müharibədə cəmi 60 milyona yaxın, SSRİ-dən isə 27 milyon adam həlak olmuşdur. 600 000-dən yuxarı həmvətənimiz cəbhəyə yollanmış, onların 50 faizdən artığı isə həlak olmuşlar. Azərbaycan 4 il ətzində cəbhəyə 76 milyon ton neft, 22 milyon ton təmiz benzin, ümumi istifadə olunan sürtkü yağlarının 96 faizini təmənnasız olaraq vermişdir.
Marşal Rokossovski yazırdı. ,,Cəbhədə hər dörd tankdan üçü, hər dörd təyyarədən üçü Bakı neftinin hesabına işləyirdi,,
Marşal Jukov; ,,Əgər Bakı nefti olmadaydı, biz qələbə çala bilməzdik,,
Hitler müharibənin əvvəlində feldmarşal Manşteyni cənub istiqamətində ordu komandanı təyin edərkən xüsusi tapşırıq verərək demişdi. ,, Əgər Bakını ələ keçirə bilməsək, biz müharibəni uduzacağıq,,.
Bakının zavodlarında yüzdən çox silah istehsal olunurdu. Ölkəmiz döyüşən orduya ərzaq, kənd təsərrüfatı məhsulları göndərirdi. 400 000- dən artıq yaralı Bakıda müalicə olunmuş, işğal zonalarından evakuasiya olunmuş minlərlə insan burada sığınacaq tapmışdı.