Hazırda Azərbaycan hakimiyyət sistemində dövlət resursları hesabına oliqarxa çevrilmiş məmurlar demək olar ki, yoxdur. Uzun müddət yüksək dövlət vəzifələrini tutan şəxslər var, amma onları nəhəng biznesi, hökumətin müxtəlif qollarında “kadrları” ölkədə və xaricdə geniş əlaqələri olan keçmiş nazirlərlə müqayisə etmək olmaz. Belə oliqarxları əsasən xaricdə təhsil almış yeni kadrlar əvəz edib...
Bununla belə keçmiş oliqarxlar və ümumiyyətlə yüksək vəzifə tutmuş məmurlar ictimaiyyətin, medianın diqqət mərkəzindədirlər, onlar kölgəyə çəkilsələr də barələrində çıxan xəbərlər geniş oxucu auditoriyası toplayır. Maraqlıdır, vəzifədən getsələr də əllərində geniş imkanları, əlaqələri və s. qalan bu şəxslər indi nə işlə məşğuldurlar? Onların arasında hazırda həbsdə olanlar da, azadlıqda şad-xürrəm yaşayanlar da var. Bu adamların bəzilərinin hazırkı durumuna nəzər salaq.
Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov əsasən doğulduğu Ucar rayonundakı villasında yaşayır, özünün dediyinə görə təsərrüfatla məşğul olur, ibadət edir... Oğlu Anar Məmmədovun daimi yaşayış yeri isə Böyük Britaniyanın paytaxtıdır. Bununla belə, ABŞ-da da işgüzar əlaqələri var. Mediada yayılan xəbərlərə görə restoran və əmlak sahəsində bizneslə məşğul olur.
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifədən çıxarıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi açılaraq həbs olunub. Səbail məhkəməsi onun barəsində 26 may 2022-ci ildə həbs qərarını dəyişib. Keçmiş nazir dövlət büdcəsinə vurduğu ziyanın əvəzinə 30 milyon manata yaxın vəsait ödəyib. Hazırda şərti məhkumluğu davam edir.
Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hazırda “Qərb” Universitetinin təsisçisidir, onun ailə üzvlərinin Avropa paytaxtlarında, Türkiyədə şirkətləri olduğu bildirilir. Bununla bərabər yerli mediada Bakıda və Azərbaycanın Şimal bölgələrində də onun daşınmaz əmlakı, biznes obyektlərinin olması barədə yazılıb.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə 10 ilə yaxın rəhbərlik etmiş Eldar Mahmudov 2015-ci ildə vəzifədən kənarlaşdırıldıqdan sonra bir müddət istintaqa cəlb olunub. Hazırda Bakıda yaşayır və ictimai yerlərdə az-az görünür. Sonuncu dəfə Milli Qəhrəman Riad Əmədovla vida mərasimində kameralara tuş gəlib. Eldar Mahmudovun vaxtı ilə nəzarət etdiyi böyük biznes sahələrinin bir qismi ayaqdadır, onun oğlu Anar Mahmudov isə Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik edir.
11 illik nazir vəzifəsindən çıxarıldıqdan sonra həbsdən güc-bəla ilə yaxa qurtarmış keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İns¬titutunun baş direktorudur. Bundan başqa, sabiq nazir həm də AMEA Prezidentinin müşaviri postunu tutur. Eks-nazir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.