Noyabrın 28-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın 3 illik fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.
Pravda.az xəbər verir ki, Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində 2020-ci ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmizin və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri tərk-silah edilib, onların hərbi infrastrukturu zərərsizləşdirilib, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.
Samir Nuriyev Qərargahın ötən 3 illik fəaliyyəti dövründə dövlətimizin başçısının verdiyi tapşırıqlara əsasən işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyini, yeni şəhər və kəndlərin salınması istiqamətində işlərin sürətlə davam etdiyini diqqətə çatdırıb. Bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrasında səmərəlilik, hesabatlılıq, qurumlararası qarşılıqlı kommunikasiya, əlaqələndirilmə və operativlik Qərargahın fəaliyyətinin əsas prinsipləri olub.