Dekabrın 4-də Heydər Əliyev Sarayında saz və aşıq musiqisini sevənləri möhtəşəm bir axşam gözləyir. Təbrizin məşhur “Dalğa” musiqi qrupu növbəti dəfə sevənlərinin görüşünə gəlir.
Konsert ərəfəsində Dalğa” musiqi qrupunun bədii rəhbəri, saz ustası Çingiz Mehdipurla Bizim.Media-nın qonağı olub. Çingiz Mehdipurla müsahibəni təqdim edirik.
- Çingiz bəy, Sizi Bakıda salamlamaq bizim üçün xoşdur. Bu dəfə sevənlərinizə hansı müjdələri gətirmisiniz?
- Əvvəla dəvət üçün çox sağ olun. Onu deyə bilərəm ki, bu dəfəki səfərimiz də sazlı-sözlüdür. Dekabrın 4-ndə Heydər Əliyev sarayında saz, söz aşiqləri üçün möhtəşəm bir konsert proqramı hazırlamışıq.
- Bu dəfəki konsert proqramında tamaşaçıları hansı yeniliklər gözləyir?
- Əvvəlki konsertlərimizdə əsasən güneydən olan aşıqlar və musiqiçilər çıxış edirdi. Amma bu dəfə quzeydən olan bir neçə sənətçi də bizimlə birgə səhnə alacaq.
- Sirr deyilsə sənətçilər barədə məlumat verərdiniz.
- Məmnuniyyətlə. Bu dəfəki konsert proqramımızda güneyli Aşıq Cavad Məhərrəmi, Aşıq Məhbub Əbdu, Aşıq Salar Mehdipur, Aşıq Xatirə Məhəmmədxanlı, quzeydən isə Aşıq Əli Zeynalabdinov, Məhsəti Cabbarova, Mirələm Mirələmov, Anar Şuşalı, Aşıq Nazim Quliyev və digər sənətçilər həmin gün Heydər Əliyev Sarayının səhnəsində öz yeni ifalarını təqdim edəcək. Dədə Ələsgərdən tutmuş bu günümüzə qədər aşıq sənətində ortaya-ərsəyə gələn nadir incilər gözəl ifaçılarımızın ifası ilə səhnədən zaldakı insanların qəlbinə axacaq. Əminəm ki, bu konsertə gələnlər aşıq musiqisinin nəhəngliyini bir daha görəcək və ona daha dərindən bağlanacaq.