Emmanuel Makron “fəxr” edə bilər ki, prezidentliyi Fransa tarixinə ən uğursuz, yarıtmaz idarəçilik dövrü kimi düşəcək. Ölkənin ən müxtəlif təbəqələrini təmsil edən insanlar bunu açıq bəyan edir, narahatçılıqlarını ifadə edirlər. Keçmiş və indiki diplomatlar, qanunverici orqanlarda təmsil olunanlar xarici və daxili siyasətdə yaşanan uğursuzluqlarda hakimiyyəti günahlandırırlar. Hətta impiçment məsələsi belə qabardılır.
Fransa indiki iqtidarın sayəsində Avropada insan haqları və hüquqlarının kobud şəkildə pozulduğu ölkələr sırasında liderlik qazanıb, faktlar da bunu təsdiq edir. Ölkə mediası, siyasilər, müxtəlif araşdırma mərkəzləri də bu təhlükənin artdığını narahatçılıqla ifadə edirlər. Nəticə də odur ki, Makron və komandası Beşinci Respublikanın tarixinə ən uğursuz idarəçilər kimi düşüblər.
Birincisi, ölkədə miqrantlara qarşı zorakılıq, antisemitizm güclənir. Nəticədə, nifrət zəminində cinayətlərin sayı artıb, ölkənin müsəlman əhalisi, qaradərili fransızlar və digər etnik və dini qruplara qarşı diskriminasiya halları son illərdə daha da kəskinləşib. Xüsusilə, müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir və sair.
İkincisi, hətta fransızlar belə etiraf edirlər ki, hakimiyyətin yarıtmaz və uğursuz siyasəti nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalıb. Artıq narahatçılıqları ölkə rəhbərliyində təmsil olunan yüksək rütbəli şəxslər açıq ifadə ediblər. Məsələn, prezidentə yaxınlığı ilə seçilən daxili işlər naziri Jerald Darmanin bildirib ki, ölkədə ifrat sağçı hərəkat artıb. Nazir bəyan edib ki, bir yeniyetmənin polis tərəfindən qətli səbəbindən başlayan küçə iğtişaşlarından sonra vətəndaş müharibəsi ssenarisindən yayınmağı bacarıblar.
Qeyd edək ki, ölkənin cənub-şərqindəki Krepol kommunasında baş verən iğtişaş zamanı 16 yaşlı Tomas adlı yeniyetmə bıçaq zərbəsi ilə qətlə yetirilib. Polis tərəfindən 9 nəfər saxlanılıb. Onlardan 6-sı vandalizm və polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etdikləri üçün barələrində 6 aydan 10 aya qədər həbs cəzası çıxarılıb.
Fransa DİN rəhbərinin qənaətincə, həmin sağyönümlü qüvvələr irqçi hücumlar törədə bilər, kütləvi qarşıdurma hallarının iştirakçıları ola bilərlər.