30 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə post-münaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb.