"Dövlətin mənə borcu var" deyən dələduz MTK rəhbəri Rauf Əliyevin hələ də Bakıda inşaatla məşğul olması təəccüb doğurur...
On illərdir ki, Azərbaycanda mənzil dələduzluğun adi gündəlik həyatımızın bir hissəsinə çevrilib və hər şeydən əvvəl insanlarımızın gündəlik üzləşdikləri bu bəlanın qarşısını almaq üçün əlaqədar qurumlar bu illər ərzində gərəkli addımların atmaması təəccüb doğurur. Hər şeydən əvvəl bu sahədə qanunvericilik dəyişdirilməli və ev alan şəxslərin vəsaitləri banklara əmanət qoyan vətəndaşların vəsaitləri kimi dövlət səviyyəsində sığortalanmalıdır.
Əks təqdirdə bu dələduzluğun qarşısını almaq heç də asan olmayacaq. Çünki dələduzluğa əl atıb bir mənzili bir neçə şəxsə satanlar sonlarının həbs olacağını əvvəlcədən bilir və buna şüurlr şəkildə gedirlər. Məsələ ondadır ki. insanların bütün ömrü boyu ev almaq üçün topladıqları pulları vicdanları azacıq belə ağrımayan bu dələduz sahibkarlar əldə etdilkəri milyonların cüzi hissəsini həbsxanada kef-damaq içində yaşamaları üçün özlərinə sərf edib bir neçə ildən sonra azadlıqlarına qovuşurlar. Olan isə bir ömür ev almaq xəyalı ilə yaşayıb sonucda əlində olanları dələduzların kef-damağına verən sadə insanlara olur.
Əslində isə Azərbaycanda mənzil dələduzluğu bağışlanmaz cinayətdir. Bu, vətənə xəyanət qədər ağır günahdır. Çünki bir mənzilin fırıldaq yolu ilə satılması bir ailənin, bir ocağın evini yıxmaq deməkdir. Bu, ev arzusu ilə yaşayan uşaqları gözü yaşlı qoymaqdır. Bu, vətəndaşı vətəndən, dövlətdən küsdürməkdir. Bu, dövlətə etibarı sarsıtmaq, inamı öldürməkdir. Ona görə ki, tikintiyə icazə verən, ona təminat verən dövlətin strukturlarıdır.
Ölkədə indiyə qədər neçə-neçə mənzil dələduzluğuna yol verən tikinti şirkətlərinin rəhbərləri həbs edilsə də, hələ də bu cür fırıldaqlarla məşğul olan və azadlıqda gəzənlər var. Onlardan biri də "İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləridir.
Baxmayaraq ki, onların barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb, hələ də şirkət sahibləri Bakıda bir mənzili bir neçı nəfərə sataraq varlanmaq dələduzluğuna davam etdirirlər. Bu isə qanunlarımızda nə qədər boşluqların olmasından xəbər verir.
Qeyd edək ki, yüzlərlə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs qismində "İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunurlar. Bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar.
Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər.

