Dekabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) və Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan ARVK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonaqları Kollegiyanın sədri Anar Bağırovun və vəkil korpusunun adından salamlayaraq, Azərbaycan ilə Misir xalqları arasında uzun illər dostluq münasibətlərinin mövcud olduğunu, bu münasibətlərin mədəni, iqtisadi və digər sahələrdə özünü göstərdiyini bildirib.
ARVK-nın beynəlxalq əlaqələrə üstünlük verdiyini deyən sədr müavini hər iki dövlətin vəkilləri arasında dostluq münasibətlərinin və sıx əlaqələrin olmasını, bu görüşün isə daimi əlaqələrin təməli olacağına ümid etdiyini ifadə edib.
O, eyni zamanda Azərbaycanda vəkilliyin tarixindən, son 6 ildə VK-nın fəaliyyəti, görülən işlərdən danışıb, ölkəmizdə vəkilliyinin yeni inkişaf mərhələsinin 2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərində başladığını, həmin ildən Kollegiyanın Rəyasət Heyətində mühüm dəyişikliklərin olduğunu deyib. Diqqətə çatdırılıb ki, cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamı Azərbaycanda vəkilliyin inkişafının yeni mərhələsinə qədəm qoyması üçün əsas olmuşdu. Həmin Sərəncam vəkillik fəaliyyətinin bir çox sahələrini əhatə edib, gənc hüquqşünaslar vəkillik fəaliyyətinə cəlb olunub, vəkillərin sayı 3 dəfə artırılaraq 2400 nəfərə çatıb, VK tərəfindən vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı, aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımların göstərilməsi, habelə hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində və.s çoxsaylı işlər görülüb.