Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə Rəfail Xələfov ifadə verib.
O bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik rütbəsində olub.
Prosesdə sədrlik edən hakim Fikrət Əliyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətindən əldə olunan məlumata görə, Rəfail Xələfovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ayrıca icraatda cinayət işi davam etdirilir. Hakim əlavə edib ki, Rəfail Xələfovun təqsirləndirilən şəxs qismində barəsində cinayət işi aparılır və bu səbəbdən o, bu məhkəmədə də təqsirləndirilən şəxsin hüquqlarından istifadə olunmaqla ifadə verir.
Rəfail Xələfov ibtidai istintaqa verdiyi ifadələri təsdiqləyib. O qeyd edib ki, onun şöbəsi maliyyə məsələləri ilə bağlı hərbi hissələrdə təftişlər həyata keçirib:
“2017-ci ilin sonundan 2021-ci il yanvarın 1-ə qədər qurumda mənimsəmələrə yol verilib. Maliyyə idarəsinə ayrılan pullar idarə, şöbə və hərbi hissələrə paylanılıb. Həmin vəsaitlərin 20 faizi maliyyələşdirmədə, 30 faizi isə təftiş vaxtı geri alınıb. Bu isə idarədə bir qayda olub. Bu qaydaları da idarə rəisi qoyub. Heç kimdə buna etiraz etməyib, hamı da buna razı olaraq işləyib. Məsələn, xərclərdən artıq 10 min manat pul ayrılıbsa, bunun 2 min manatını maliyyələşdirmə alırdı, 3 mini təftiş şöbəsi, 5 min manatı isə özlərinə qalırdı. Bütün bunlar Nizami Məmmədova məruzə edilirdi”.
Sabiq şöbə rəisi qeyd edib ki, 2021-ci ildə N saylı hərbi hissədə təftiş zamanı 1 milyon 700 min manat yeyinti olması aşkar olunub:
“Həmin təftişi Həsən Paşayev aparırdı. Təftişin sonunda 500 min manat pul alındı. Həmin pullar barədə də idarə rəisinə məruzə edildi və vəsait təhvil verildi. Daha sonra nazirliyin Təlim Tədris Mərkəzində 470 min manat yeyintiyə yol verilməsini müəyyən edib. Həmin təftişi aparan Teymur Teymurov tərəfindən 400 min manat mərkəzdən alınaraq mənə verildi. Həmin pulu gətirib idarə rəisinə təhvil vermişəm. Bundan başqa təftişlərdən başqa nazirliyin özünün inspeksiyaları hərbi hissələrə maliyyə şöbələrinə yoxlama aparırdı. Nizami Məmmədovun tapşırığı ilə gedib o məsələləri həll edirdim. Yoxlamalar zaman çıxan problemlərə görə pullar alınıb, məsələnin həlli üçün istifadə olunub”.
Rəfail Xələfov deyib ki, Vətən müharibəsindən sonra pul almaq söhbətləri bitib: “İdarə rəisi hamını yığıb bu cür işləməyə son verdiklərini deyib. 2021-ci ilin yanvarın 1-dən bu məsələlərə son qoyulub”.
O, prokurorun suallarını cavablandıran zaman dəymiş ziyandan 4 milyon 100 min manat ödədiyini deyib.
Bu zaman digər təqsirləndirilən şəxslərdən Cəlal Kazımov replika ataraq, Rəfail Xələfovun 25 milyon manatdan çox pul mənimsədiyini deyib.
Bundan sonra tərəflər arasında mübahisə düşüb, hakim hər iki şəxsə xəbərdarlıq edib.