Qarşıdan gələn 2024-cü il Şərq astrologiyasına görə, çox qeyri-adi varlıq olan Əjdaha ili üzərində təhvil olur. Çin astroloqlarına görə, əzəmət və gücdən savayı, sehirli Əjdahaya emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır. AZƏRTAC xəbər verir ki, Çində Əjdahaya, ümumiyyətlə, çox hörmət edirlər: o, bir vaxtlar sarsılmaz imperator hakimiyyətinin rəmzi olub. Məsələn, Tsin sülaləsinin hakimiyyəti illərində Əjdaha təsviri dövlət bayrağını bəzəyirdi, rəiyyət isə hətta sehirli “heyvanın” fiquru olan libas geydiyinə görə edam hökmü ilə cəzalandırıla bilərdi. Bəs, müasir dövrdə bu varlığın təsviri ilə üzləşən insanların həyəcanlanmasına səbəb varmı? Əsla yox. Birincisi, Şərq təqviminə əsasən, özündə Yerlə göyün ruhunu cəmləyən ilahi varlıq olan Əjdahanın üzərində təhvil olan il 12 illik tsikldə ən firavan və uğurlu illərdən biri hesab edilir. İkincisi, 2024-cü ildə bu varlığın ağac kimi yaşıl rəngdə olması ilin kifayət qədər ruzili olacağına işarədir. Yaşıl Əjdaha, digər Əjdaha illəri arasında ən sakit və təmkinlisidir.
Məlum olduğu kimi, Cənub-Şərqi Asiya ölkələrində Yeni il Qriqorian təqvimi ilə müqayisədə bir qədər gec başlayır, bu, birbaşa səma ulduzları olan Günəş və Ayın yerləşməsindən asılıdır. Ona görə də, Şərq təqviminə əsasən, Əjdaha ili 2024-cü ilin yanvar ayının 1-də yox, fevralın 10-da başlayacaq və 2025-ci il yanvarın 28-də başa çatacaq. Bu müddət ərzində yeni təqvim ilinin günləri bir çoxlarının hətta iquanaya və ya varana bənzətdikləri bu mifik heyvanın “himayəsi” altında olacaq.
Əjdaha daha çox vaxtilə Yer kürəsində mövcud olmuş və daha sonra kökü kəsilmiş dinozavrlara bənzəyir. Çünki Qədim Çin mifologiyasında Əjdahanın müxtəlif ölçülərdə və fərqli quruluşlara malik çoxsaylı növlərinə rast gəlinir.