Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Hüquqşünas: “Sözün həqiqi mənasında hava da pulludur...”

1 717
Paylaş:
Hüquqşünas: “Sözün həqiqi mənasında hava da pulludur...”

Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirəm, onları inqilaba bərabər hesab edirəm və tam dəstəkləyirəm. Baş verənlərin hansı çətinliklər və risklər bahasına edildiyini də gözəl anlayıram. Bu gün baş verənlərin çoxları tərəfindən hələ layiq olduğu kimi dəyərləndirilməməsini də bilirəm. Əminəm ki, hakimiyyət bu cür davam edərsə cəmiyyətdə itirilmiş nüfuzunu tez bir zamanda bərpa edə bilər və bu gün təmsilçiləri həbs edilən köhnə qvardiyanının istənilən revanş cəhdində hakimiyyətin yanında olar. Belə bir cəhdin olacağına isə əsla şübhə etmirəm! Bunun üçün dəyişikliklər hər sahədə baş verməli və haqq etdikləri cəzalara məruz qalanlar sizinkilərə, bizimkilərə bölünməməlidirlər.

Bunun üçün bu gün ölkəmizdə baş vermiş bütün qanunsuzluqların başında duran ədliyyə və məhkəmə sistemi də bu dəyişikliklərdən kənarda qalmamalıdır. Bu gün həbs edilmiş icra başçılarının bütün qanunsuz hərəkətlərini rəsmiləşdirən, onlara qanuni don geyindirən məhz məhkəmə sistemi olmuşdur. Ən azından icra başçıları həbs edilmiş rayondan olan şikayətçilərin, xüsusilə sahibkarların şikayətləri dediklərimin əyani sübutudur. Elə Prezident də son günləri çıxışında sahibkarların əmlaklarının qanunsuz olaraq əllərindən alınmasından danışdı. Həmin əmlaklar qanunsuz olaraq məhz məhkəmə qərarları əsasında sahibkarlardan alınıbdır.

Bundan başqa İslah Əmək Müəssisələrində baş verənləri də hamı bilir. Hamı bilir ki, həmin müəssisələrdə az qala demirəm, sözün həqiqi mənasında hava da pulludur. Yayın qızmar vaxtlarında məhkumlar otaqlarının nəfəsliyi (fortoçka) açmaq üçün də pul verirlər. Həmin müəssisələrin qarşısında dayanan məhkumların qohumlarını dinləyənlər görərlər ki, orada insanlıqdan əsər-əlamət qalmayıb. Bura əlavə etsək ki, həbs olunmuş məmur-oliqarxlar üçün orada beş ulduzlu mehmanxana şəraiti yaradılır baş verən qanunsuzluğun, dərəbəyliyin, ayrıseçkiliyin miqyasını təsəvvür etmək olar. Ona görə də bu gün birinci növbədə ədliyyə, məhkəmə sistemində də icra başçıları ilə bağlı keçirilən əməliyyatlardan aparılmalıdır.

Azərbaycan xalqı hər şeyi başa düşən, anlayan, dözüm göstərən xalqdır. Bu gün artıq dözüm həddi bitib. Hakimiyyətin addımlarından asılı olaraq xalqın müvafiq münasibətinin olacağına şübhəm yoxdur. Əminəm ki, bu gün baş verənlər davamlı, ədalətli olsa xalq da bu addımları atanları layiqincə dəyərləndirəcək.

Yazının əvvəlində inqilab sözünü elə belə işlətmədim. Bu həqiqətən elədir. Belə hadisələr isə hər tərəfin ölçülü-biçili davranmasını, səhvə yol verməməsini, ən əsası xalqın maraqlarını hər şeydən üstün tutmasını tələb edir. Bu dövrdə fürsətçilik, populizm yolverilməzdir. Ümid edirəm ki, bu günə qədər susan ziyalılarımız da hadisələri kənardan seyr etməyib aktiv mövqe tutacaqlar.

Bu gün baş verənlərin səmərəsini gündəlik həyatımızda qısa zamanda hamımız hiss edəcəyik.

Aslan İsmayılov

Hüquqşünas

Paylaş:

Ən son xəbərlər