Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən imzalanmış Tədbirlər Planına yekun vurulub. Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq cari ilin əvvəlindən etibarən Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Həştərxan vilayətində müxtəlif forumlar, dəyirmi masalar, sərgi və müsabiqələr, ağacəkmə aksiyaları, konsert proqramları, Azərbaycan günləri və Ulu Öndərin siyasi fəaliyyətinə həsr edilmiş bir çox tədbirlər keçirilib.
Pravda.az xəbər verir ki, bu ilin dekabrın 1-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub. Nümayəndə heytətinin tərkibində olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Sabir Hacıyev, Əminə Ağazadə, incəsənət xadimləri, jurnalistlər və digərləri Həştərxanda Ulu Öndərin adını daşıyan xiyabana gələrək onun abidəsini ziyarət edib. Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilib. Sonra qonaqlar “Əbədi məşəl” memorialını ziyarət edərək İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini anıb, memorialın qarşısına gül dəstələri düzüblər.
Daha sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub. İ.Babuşkin bu il vilayətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bır sıra təntənəli tədbirlərin keçirildiyini qeyd edib. Xalqlarımızı səmimi dostluq münasibətlərinin birləşdirdiyini vurğulayan qubernator əmin olduğunu bildirib ki, ölkələrimiz möhkəm tərəfdaşlığı davam etdirəcək və gələcəkdə də belə tədbirlər təşkil olunacaq.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Sabir Hacıyev və Əminə Ağazadə öz növbəsində, səmimi qəbula görə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə təşəkkürlərini bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.
Sonra Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinə səfər çərçivəsində Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib. Nümayəndə heyətinin üzvləri, o cümlədən Milli Məclisin deputatları Sabir Hacıyev və Əminə Ağazadə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlərin mükafatlandırılması mərasiminə qatılıblar.
Əvvəlcə qonaqlar məktəbin fəaliyyəti barədə məlumatlandırılıb. Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova bildirib ki, yubiley tədbirləri çərçivəsində məktəbdə şeir, inşa və rəsm müsabiqələri keçirilib. O əlavə edib ki, bu təhsil müəssisəsi iki dövləti möhkəm tellərlə bir-birinə bağlayır.