Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Ahmad Kamrizamil Bin Mohd Rza Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın və Malayziyanın Baş naziri Ənvər İbrahimin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.
Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əlaqələrimizin daha da fəallaşdırılmasının və əməkdaşlığımızın yeni istiqamətlərinin, o cümlədən investisiya, qarşılıqlı ticarət, humanitar sahələrdə müəyyənləşdirməsinin zəruriliyini bildirdi.
Beynəlxalq institutlar çərçivəsində əməkdaşlığımızdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında ölkələrimizin bir-birini dəstəkəməsinin önəmini vurğuladı və bunu qardaşlıq əlaqələrimizin yaxşı nümunəsi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı, eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsinin də vacibliyinə toxunaraq qarşıdan gələn illərdə nazirlər, hökumət nümayəndələri, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkilinin bu işə xidmət edə biləcəyini dedi. Prezident İlham Əliyev səfirin Azərbaycanda fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edərək ona işində uğurlar arzuladı.