“Biz Azərbaycanı “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Ulu öndər Heydər Əliyevidən öyrənmişik. “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən dahi şəxsiyyətin şərəfli həyat yolu,çoxşaxəli, misilsiz fəaliyyəti, Vətənəvə, xalqa fədakar xidməti hər zaman daim bizim üçün örnək olub. Çünki, Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıdıb, ölkəmizə əbədi müstəqillik bəxş edib, Vətənimizi təhlükələrdən xilas edib. Ən əsası isə ümummilli liderimiz milli qürurumuzu özümüzə qaytarıb, bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrədib”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili qeyd edib ki, Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb, dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, ümummilli lider kimi əbədilik qazanıb:
"46 yaşında liderlik xüsusiyyəti, dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı ilə rəhbər seçilən Heydər Əliyev Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atıb. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail olub. Həmin dövrdə ümummilli lider özünü Azərbaycanın yüksəlişinə həsr edərək, bütün sahələrdə digər sovet respublikaları ilə müqayisədə dəfələrlə geridə qalan ölkəmizi dirçəltmək missiyasını uğurla icra edib, gələcəyə hesablanmış mühüm addımlar atıb. Hələ 1969-1982-ci illərdə Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika Konstitusiyasında dövlət dili kimi təsbit edilib. Həmin illərdə Ümummilli liderin qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanı müstəqilliyə doğru aparmaq üçün iqtisadiyyatı müstəqil ölkə kimi yaşaya biləcək səviyyəyə qaldırmaq idi. Dahi şəxsiyyətin uzaqgörənliyi, praqmatik, dərin, siyasi baxışları nəticəsində Azərbaycan nəinki keçmiş İttifaqda, həmçinin dünyanın bir çox ölkələrində təkcə “Neft Bakısı” kimi deyil, həmçinin öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti ilə tanınan diyara çevrildi. Məhz o illərdə Vətən sevgisi bütün varlığına hopmuş dahi şəxsiyyət Azərbaycanın gələcəyini hesablayır, bu gününü qururdu".
Naqif Həmzəyev vurğulayıb ki, Ümummilli liderin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Ötən əsrin 90-cı illərində ölkədə baş verən qarşıdurmalar, hərc-mərcliklər, səriştəsiz idarəetmə ölkəmizi uçurumun kənarına sürükləmişdi. 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpa olunmasına baxmayaraq, hakimiyyətə gəlmiş təsadüfi adamların səriştəsizliyi ilə ölkədə xaos yaranmışdı, özbaşınalıq baş alıb gedirdi, müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı: “Belə bir vəziyətdən Azərbaycanı yalnız möcüzə xilas edə bilərdi. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər – Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ölkəmizi milli fəlakətdən, silahlı müxalifət ənənələrindən, beynəlxalq aləmdə təklənməkdən xilas etdi. Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirçəlişi, qurtuluşu oldu. Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başlandı. Heydər Əliyev dünyanın siyasət zirvəsində Azərbaycanın, ən böyük azərbaycanlının adını əbədi həkk etdirdi”.