“Hazırda televiziyalarımızda olan problem qlobal bir problemdir. Onsuz da mənim TV-lərə tez-tez çıxmaq kimi bir xasiyyətim yoxdur, lakin kanallarımızın bugünkü durumu çox böyük bir problemdir. Ona görə də mənə elə gəlir ki, bu məsələ bir müsahibə ilə həll olunası deyil”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.
Uzun müddətdir mavi ekranlarda görünməyən sənətçi son dövrlər Azərbaycan televiziyasında baş verən hadisələri biabırçılıq adlandırıb:
“Televiziyalarımız yaşadığımız dövrə həddindən ziyadə öz pis təsirini göstərir. Kanal var ki, “lal”dır, kanal da var ki, başdan-ayağa biabırçılıqdan ibarətdir. Ona görə də bu problemi mən, yaxud filankəs həll edə bilməz. Əvvəllər Bədii Şuralar, kanalların vəziyyətinə nəzarət edən çox ciddi orqanlar var idi. İndi isə görürəm ki, hər şey başlı-başına qoyulub”.
“Maraqlıdır, kanal, sadəcə, reklam xatirinə, yaxud tanışlıq xatirinəmi işləyir? Axı bu biabırçılıqdır? Elə kanallar var ki, adam səs-küydən kanalı dəyişir. Mənim müsahibəm kanallara qarşı olan qıcığı bir az da olsa, artıracaq, amma yenə də bu, problemin həllinə kömək etmir. Əksinə, bununla çox ciddi məşğul olmaq lazımdır, çünki bunun təbili çoxdandır ki, çalınır. Lakin çox təəssüflər olsun ki, fikir verən yoxdur”, – deyə o, əlavə edib.