İran hakimiyyətinin güney azərbaycanlılara münasibəti, daha dəqiq desək, birmənalı olmayan rəftarı əksəriyyətə məlumdur. İrandakı soydaşlarımızın istər təhsil, istər dil, istər mədəniyyət, istərsə də digər hüquqlarından yararlana bilməməsi, buna etiraz fonunda isə amansız işgəncələrə məruz qalması acı həqiqətdir. Lakin burada əsas məqamlardan və əksəriyyətə məlum olmayan nüanslardan biri də İranın paytaxtı Tehran şəhərində yerləşən, xüsusən də siyasi məhbusların amansız işgəncələrə məruz qaldığı, nəinki İranın, Şərqin “Quantanamosu” adlanan “Evin” həbsxanası ilə bağlıdır. Nəzərə alsaq ki, İranda siyasi məhbus həyatı yaşayanlar daha çox güneyli soydaşlarımızdır, deməli, bu həbsxana haqqında qatı açılmamış sirlərin Azərbaycan ictimaiyyətinə çatdırılması da bir o qədər əhəmiyyətlidir.
Müsahibimiz Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) təşkilatının sədri Əjdər Tağızadə iki dəfə, həm Məhəmməd Rza şah Pəhləvi, həm də molla rejimi dövründə sözügedən həbsxanada amansız işgəncələrə məruz qalıb.
– Əjdər bəy, Güney Azərbaycan və İran mövzusu son zamanlar Azərbaycan ictimaiyyətində geniş müzakirə olunur. Ancaq burada əksəriyyətin unutduğu bir məqam var: güney azərbaycanlıların İranda amansız işgəncələrə məruz qalması… Bu məsələdə diqqətçəkən məqam isə “Evin” həbsxanası ilə bağlıdır. Mən bu həbsxana haqqında ilk dəfə güney azərbaycanlı siyasi məhbus və yazıçı Səhər Delicaninin “Cakaranda ağacının uşaqları” romanı əsasında tanış olmuşam. Bu əsərdə soydaşlarımızın məhz həmin həbsxanaya salınması, orada onlara verilən amansız işgəncələrdən bəhs edilir. Siz həm şah, həm də molla rejimi dövründə həmin həbsxanada məhbus həyatı yaşamısınız. Bu dövrləri necə xatırlayırsınız?
– Söz vaxtına çəkər, deyiblər. Dünən gecə Məhəmməd Rza şahın və onun təhlükəsizlik xidməti olan SAVAK-ın səlahiyyətli şəxsinin çıxışlarına qulaq asırdım. O, inqilabdan əvvəl İranı tərk edib. “Evin” həbsxanası şah rejiminin simvoluna çevrilmişdi. Seyid Ruhulla Xomeyni hakimiyyətə gəldikdən sonra hər iki Pəhləvi şahını qeyd edərək deyirdi ki, “bu ata-bala hər yerdə universitetləri bağladı, həbsxanaları, qəbiristanlıqları çoxaltdı”. Bu gün də İranda çoxlu həbsxana var. 1960-ci illərdən Məhəmməd Rza şah Pəhləviyə qarşı partizan hərəkatı başladı. Bunun qarşılığında Məhəmməd Rza şah kiçik dəyişikliklər xaricində ciddi islahatlara getmədi. Amma sonralar Xomeyni dövründə nazir işləmiş Behdi Bazergan – o, siyasi xəttinə görə dinçi idi – məhkəmədə belə bir ifadə işlətmişdi ki, “biz sonuncu adamlar idik ki, Konstitusiya çərçivəsində fəaliyyət göstərirdik”.
Bizdən az müddət sonra İranda silahlı mübarizə başlandı. Bu dövr təkcə İrana xas deyildi. Proseslər demək olar ki, dünyanın hər yerində gedirdi. Hətta Fələstində və İranda solçular, sağçılar və dinçilər birlikdə mübarizə aparırdılar. Bu partizan hərəkatı dövründə Pəhləvi rejiminin İsrail ilə münasibəti çox yaxşı idi. Beləliklə, qarşılıqlı olaraq İranda şaha qarşı mübarizə aparan əsas partizan qüvvələri SSRİ-nin dəstəyi ilə Fələstində formalaşırdı. Məhz bu dövrdən başlayaraq İranda edamların və həbslərin artması səbəbilə paralel olaraq həbsxanalar çoxalmağa başladı. Həmin həbsxanalardan biri mənim də cəza çəkdiyim müəssisə idi ki, onu da israillilər tikmişdi. Bu həbsxanalardan biri də “Evin” idi ki, o da sırf siyasi məhbuslar üçün nəzərdə tutulmuşdu. Bu həbsxana Elbrus dağlarının ətəkləri boyunca Tehranın şimal hissəsində yerləşirdi. “Evin” o dövr üçün kifayət qədər modern həbsxana sayıldığından, bura əsasən qatı cinayətkarlar, partizanlar, fədailər və digər mücahid qruplaşmaların üzvləri gətirilirdi. Məhz SAVAK-ın yaradılması da bu dövrlərə təsadüf edirdi. Hətta SAVAK-ın adı o qədər məşhur olmuşdu ki, şaha verilən suallar da, adətən, onunla bağlı olurdu. Beləliklə, bu zindan SAVAK-ın əsas işgəncə mərkəzlərindən birinə çevrildi. Xatırladım ki, SAVAK-ın yaradılmasında da İsrail hərbi kəşfiyyatının rolu olmuşdu. Biz orada çox böyük işgəncələr görmüşük. Əvvəldə də qeyd etdiyim kimi, SAVAK-ın səlahiyyətli şəxsi çıxışında qeyd edir ki, onlar 9 tanınmış ziyalı şəxsi “Qəsri Qacar” zindanından bura gətirib, gizlincə edam etmişdilər. Məhz o vaxtdan həmin həbsxanada dəhşətli işgəncələr dövrü başlandı.
– Həmin inqilabi hərəkatı güney azərbaycanlılar yaratmışdı, yoxsa xomeyniçilər?
– Həmin dövrdə hələ Xomeyni siyasi səhnədə yox idi. Bu təşkilatlarda əsasən marksistlər, dinçilər və digər şah əleyhdarı qruplar birləşmişdi. Belə demək mümkünsə, bir alyans şəklində formalaşmışdılar. Bu dövrdə işgəncələrin miqyasına görə “Evin” zindanı “gedər-gəlməz” adını almış və məşhur həbsxanalarla müqayisə olunmağa başlamışdı. Mən digər həbsxanada yatarkən dəfələrlə təhdid edirdilər ki, “elə eləmə ki, səni “Evin” həbsxanasına göndərək”. Burada ən ağlasığmaz işgəncələr – zorlamadan tutmuş, dırnaq çıxarmağa qədər müxtəlif işgəncələr tətbiq olunurdu. Bu mənada bu həbsxana hər kəsin canına qorxu salan yer kimi anılırdı. Sonradan inqilab zamanı insanlar “Evin” həbsxanasına hücum etmişdilər. Onda bir çoxları həbsdən qaça bilmişdi. Ancaq Xomeyni dövründə orada o qədər haqsızlıq baş verdi ki, şah dövrü yalan oldu. Hətta belə bir ifadə də yayılmışdı ki, “Evin”də Xomeyni dövrünün bir günü şah dövrünün yüz ilinə bərabərdir. Mənim bu həbsxana ilə ilk tanışlığım da şah dövründə 4-5 günlük başqa müəssisədən ora köçürüləndə oldu. Sonradan Xomeyni dövründə də bu həbsxanada cəza çəkdim. Xomeyni hakimiyyətə gəldikdən dərhal sonra bütün zindanları bərpa etdi. Maraqlısı odur ki, artıq bu həbsxanada nəzarətçi işləyənlər şah dövründə orada cəza çəkən keçmiş dustaqlar idi.
– Bəs ikinci həbsiniz nə vaxta təsadüf edirdi?
– İnqilabdan iki il sonra. Mən həbs olunarkən üzərimdə silah-sursat tapılmamasına rəğmən, “ölkənin milli təhlükəsizliyinə təhdid” və buna bənzər 10-a yaxın ittiham ilə həbs etdilər. Düzdür, mən inqilaba qədər silahlı mübarizədə olmuşdum, ancaq yeni hökumətə qarşı heç bir çıxışım olmamışdı. “Evin” zindanına salındığım gün orada 270 nəfər edam olunmuşdu. Şəxsən Xomeyninin əmri var idi ki, onlar haqqında qətl ayəsi oxunsun. Bu edamların icrasında qaniçənliyi ilə ad çıxarmış Əsədulla Lacaeveherdi aktiv rol oynayırdı. Burada işgəncələr o həddə çatırdı ki, müxtəlif qondarma ittihamlarla həbs olunmuş qızları edamdan qabaq qvardiya əsgərlərinə verirdilər ki, onlar o biri dünyaya bakirə getməsinlər. Əks halda, cənnətə düşə bilərlər. Sonradan bir qutu şokoladı götürüb qızın ailəsigilə gedirdilər. Deyirdilər ki, bəs sizin qızınızla evlənmişəm, amma dünən onu edam etdilər. Bu məlumatlar həmin dövrün qəzetlərində, radiolarda geniş tirajlanırdı.
Başqa bir misal deyim ki, şah dövründə saxlandığım kamerada 4 dənə üçmərtəbəli yataq var idi. Xomeyni dövründə o yataqları yığışdırıb yerinə saman tökdülər. Biz də samanın üzərində yatırdıq. Dustaqlar üçün ümumi tualetlər vardı ki, ora qadınlı-kişili birlikdə gedirdik və hamıya 20 dəqiqə vaxt verirdilər. Həyətə baxmağı qadağan edən otaqlarda 96 nəfər birlikdə qalırdıq. Bu yolla xəstəliklər kütləvi hal alırdı. Vəziyyət o qədər dözülməz idi ki, heç kəsdə o cəhənnəmdən sağ-salamat xilas olmağa ümid qalmamışdı.
Başıma gələn hadisələrdən birini də danışım. Bir dəfə gecədən xeyli keçəndən sonra bizi yuxudan oyadıb, gözlərimizi bağlayıb, pəncərələrinə şüşə əvəzinə dəmir vurulmuş köhnə raflara doldurub naməlum istiqamətə aparırdılar. Avtomobil dayananda hamımızı düşürüb başladılar Quran oxumağa. Bu hal mütəmadi olaraq təkrar edilirdi.
– Məqsəd nə idi ki?