Yoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Qızılca virusunun səbəb olduğu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir.
Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb.
Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır. Mövzu ilə bağlı Azxeber.com-a danışan pediatr Əli Quliyev peyvəndlərin vurulmasının çox vacib olduğunu bildirib:
"Qızılca xəstəliyi gözlənilən bir şeydir. Çünki, insanlarımızın peyvənddən uzaq qalması, peyvənd vurdurmaq istəməməsi, pandemiyadan sonra, xüsusən də pandemiya dövründə insanların peyvəndləri vurdurmaması nəticədə peyvəndlənmədə axsamalara səbəb olub. İndi isə valideynlərin uşaqları qızılca peyvəndlərindən uzaq tutması xəstəliyin yayılmasına səbəb olur. Qızılca bulaşıcı xəstəlikdir. Bir otaqda 20 nəfəriksə, bir qızılcaya yoluxmuş xəstə otağa daxil olarsa, bütün insanlara yoluxdura bilər. Qızılca xəstəliyində təəssüf ki, öncədən heç bir simptom özünü göstərmir. Qızılca xəstəliyi qrip kimi başlayır, valideynlər çox vaxt bunu adi qrip kimi qiymətləndirərək uşaqları məktəblərə göndərirlər. Əgər uşağın səpkiləri çoxalırsa, artıq onun izolyasiya olunması bir əhəmiyyət kəsb etmir, çünki səpkiyə qədər ətrafındakıları yoluxdura bilir. Bu baxımdan bütün uşaqların peyvənd olunması son dərəcə vacibdir”.