Azərbaycan bu gün öz sözünü açıq deyən, dövlət və xalqın mənafeyi naminə qətiyyətli mövqe sərgiləyən ölkədir. Çünki onun rəhbəri cənab İlham Əliyev haqq və ədalətə, beynəlxalq hüququn prinsiplərinə əsaslanan məqsədyönlü siyasət aparır. Bu siyasət nəinki Azərbaycan, həm də region ölkələri üçün faydalıdır. Bunun Azərbaycanın regiona gətirdiyi reallıqlar bir daha sübut edir. Ermənistanın işğal siyasəti bu coğrafiyanı bataqlığa çevirmişdi. Bununla bağlı Azərbaycan dünyaya çağırış edirdi, münaqişənin sülh yolu ilə həllinə səsləyirdi. Amma nə Ermənistan sülhə gəldi, nə də bu barədə ona beynəlxalq təzyiq oldu. Odur ki, Azərbaycan tərəfi bu münaqişəni beynəlxalq hüquq çərçivəsində özü həll etdi. Azərbaycanın istəyi nə idi: işğalı aradan qaldırmaq, bütün ölkədə dövlət suverenliyini təmin etmək, ərazidən zorla qovulmuş 1 milyondan artıq sakinin hüquqlarını bərpa etmək və s.Azərbaycanın formalaşdırdığı reallıqlar isə sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa, əmin-amanlığa söykənir. Bütün bunlar ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda təqdir olundu. Dövlətimizin başçısı dərin məzmunlu, məntiqli və aydın çıxışı ilə baş verən hadisələri, proseslərin gedişini, o cümlədən işğalın acı nəticələrini, Şərqi Zəngəzurun və Qarabağın dirçəldilməsi naminə görülən işləri, bu istiqamətdə üzləşilən çətinlikləri, habelə mina problemini iştirakçıların diqqətinə çatdırdı və onları maraqlandıran sualları cavablandırdı. Ünvanlanan sualların məzmunundan da görünürdü ki, forum iştirakçıları Azərbaycanın bölgəyə gətirdiyi reallıqların mahiyyətini və əhəmiyyətini dərk edir.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.